Kazana aparan yol

kazana-aparan-yol
Oxunma sayı: 747

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ərəfəsində də bəzi dairələrdə optimist fikirlər səslənir. Ancaq elə həmin dairələr özlərini sığortalamaq məqsədilə “hər şey qarşıduran tərəflərdən asılıdır” ifadəsini işlətməyi də unutmurlar. Məsələ burasındadır ki, “hər şey qarşıduran tərəflərdən asılı olsaydı” münaqişə çoxdan həll olunardı. Ermənistan iqtidarı böyük dövlətlərin, ilk növbədə Moskvanın təzyiqi ilə üzləşmədikcə münaqişənin həllində geri addım atmağa hazırlaşmır. Kremlin isə İrəvana təzyiq etmək kimi planı yoxdur.

Bu arada, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların və görüşlərin təxminən 2 illik dinamikası ümidlərin gah artdığını, gah da azaldığını göstərir.
1 dekabr 2009-cu il. ATƏT Xarici İşlər Nazirləri Şurasının Afina iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3+2 formatında görüş olub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun ermənistanlı həmkarı Edvard Nalbandyan, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq və Minsk Qrupunun həmsədrləri iştirak ediblər. Görüşdən sonra həmsədr ölkələrin XİN başçıları birgə bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda müsbət dinamikanın olduğunu bildiriblər. Onlar Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vacib olduğunu vurğulayıblar.
25 yanvar 2010-cu il. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşüblər. Bu görüşdə Ermənistan prezidentinin Madrid prinsiplərinə cavab verəcəyi gözlənilsə də, o, iki həftə vaxt istəyib.
4 iyun 2010-cu il. ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 4-də Venesiya şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdikləri görüşlə əlaqədar qısa açıqlama yayıblar. ATƏT-in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsi müzakirə edilib.
17 iyun 2010-cu il. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşüblər. Bu görüş də nəticəsiz qalıb. Ermənistan prezidenti növbəti dəfə Madrid prinsiplərinə münasibət bildirməkdən yayınıb. Eyni günlərdə cəhbə bölgəsində vəziyyət gərginləşib. Atəşkəsin pozulması zamanı separatçıların 4 əsgərini öldürən Azərbaycan zabiti Mübariz İbrahimov qəhrəmancasına həlak olub.
26 iyun 2010-cu il. Kanadada ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin rəhbərləri Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkozi birgə bəyanatla çıxış edərək qeyd ediblər ki, tərəflər Helsinki Yekun Aktına və qeyd olunan prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olmalıdırlar.
28 iyul 2010-cu il. ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. ATƏT-in saytında yerləşdirilən sənəddə deyilir ki, Mİnsk Qrupunun həmsədrləri Vyanada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlarla bağlı son hadisələr barədə fikir mübadiləsi aparıblar. Həmsədrlər qeyd ediblər ki, münaqişə tərəflərinin göstərdiyi səylər fikir ayrılıqlarının aradan qaldırılması üçün kifayət deyil, atəşkəs rejiminin möhkəmləndirilməsi və kompromis ruhunun nümayişi üçün əlavə tədbirlərin görülməsi vacibdir.

10 sentyabr 2010-cu il. Həmsədrlər bölgəyə son səfərlərinin yekunu ilə bağlı bəyanat yayaraq qarşıdakı ayların iş planını təqdim ediblər. Onlar vurğulayıblar ki, planlarını reallaşdırmaq və ATƏT-in dekabrda keçiriləcək sammitinə qədər qalan müddətdə irəliləyiş əldə etmək üçün tərəflərin daha konstruktiv yanaşmasına ehtiyac var. Həmsədrlər bir daha qəti şəkildə tərəflərdən atəşkəsə hörmətlə yanaşmağı və təmas xəttində təmkinli olmağı xahiş ediblər. Ayrıca, onlar Azərbaycanın BMT-nin Baş Məclisində Dağlıq Qarabağ münaqişəsinə dair qərar layihəsinin müzakirəsini təxirə salmaqla bağlı qərarını alqışlamışlar.
22 sentyabr 2010-cu il. BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş keçirilib.
23 sentyabr 2010-cu il. ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
25 sentyabr 2010-cu il. Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər. Vasitəçilər hər iki xarici işlər nazirini oktyabrın 4-14-də ATƏT-in qiymətləndirici missiyasının münaqişə zonasına planlaşdırılan səfərə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar. Bundan başqa, vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini növbəti aylar üçün nəzərdə tutduqları fəaliyyət planı, o cümlədən ATƏT-in Astana sammitinə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar.
6 oktyabr 2010-cu il. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində müşahidələr aparacaq ATƏT-in faktaraşdırıcı missiyası Bakıya gəlib. Missiyaya BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İMO) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ekspertləri də daxil olublar. Həmin gün heyətin tərkibində olan ATƏT-in Minsk Qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Fransalı həmsədr Bernar Fasye mətbuata açıqlamasında bildirib ki, bu cür missiyanın həyata keçirilməsi özlüyündə vacib faktdır.
6 oktyabr 2010-cu il. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıdan Naxçıvana gediblər. Həmsədrlər Naxçıvanda prezident İlham Əliyevlə görüşüblər.
7 oktyabr 2010-cu il. Həmsədrlər Naxçıvandan təyyarə ilə İrəvana uçublar.
27 oktyabr 2010-cu il. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Həştərxanda görüşüblər. Bu görüşdə əsir və meyitlərin qaytarılmasına dair saziş imzalanıb. Bu saziş əsasında aylardır Ermənistanda saxlanılan milli qəhrəman Mübariz İbrahimovun meyiti geri qaytarılıb.
1 dekabr 2010-cu il. ATƏT-in Astana zirvə toplantısı işə başlayıb. Ancaq bu sammit Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirmədi, hər hansı sənəd qəbul olunmadı, zirvə çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri heç görüşməyi də lazım bilmədilər. Son ilyarımda münaqişənin həllində fəal vasitəçilik edən Rusiya prezidenti Dmitri Medvedev də sammitdəki çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışmadı.
7 dekabr 2010-cu il. Minsk Qrupunun həmsədrləri ATƏT-in gələcək sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Litvanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrliyi zamanı əsas diqqət münaqişələrin aradan qaldırılması və nizamlanmasına yönəldiləcək. Bu barədə həmsədrlərlə görüş zamanı Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib. Nazir vurğulayıb ki, münaqişələrin həllinin bütün dövrlərində ATƏT-in katibliyinin, instansiyalarının və missiyasının rolunu möhkəmləndirmək lazımdır.

5 mart 2011-ci il. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşündə də sensasiya baş vermədi. Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlki fərqli mövqelərdə qaldılar. Buna baxmayaraq, prezidentlər birgə bəyanatla çıxış edərək, bütün mübahisəli məsələlərin dinc vasitələrlə həll etmək niyyətlərini bir daha vurğuladılar. Sənəddə atəşkəs pozuntularının həmsədrlərin himayəsi, bütün tərəflərin iştirakı və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsinin yardımı ilə araşdırılmasının vacibliyi də qeyd olunur.
Sonuncu Soçi görüşündən 4 gün sonra erməni snayperinin atəşi nəticəsində Ağdam rayonunun Orta Qərvənd kəndinin 10 yaşlı sakini Fariz Bədəlov qətlə yetirilib...

“Atlas” Araşdırmalar Mərkəzi