Hazırlaşın, 15-20 ildən sonra Bakıda yaşayanlar belində oksigen balonu şəlləmiş halda gəzəcəklər. Bəlkə, indiki paytaxt camaatının heç yarısı da burada yaşamayacaq. Onda da yəqin, ölkəyə gətirilən oksigen balonu satışından və ya monopoliyasından danışacağıq. Bu proqnozları vermək elə də, çətin məsələ deyil. Paytaxtın əməlli-başlı yaşıllıq zolağı əldən gedir. Təxminən 20-30 il əvvəlki mövcud ağacların indi yerini də tapmaq olmur. Ağız-ağıza tikilmiş binalar ucbatından şəhər oyuncaq maketə bənzəyir.
Bakı keçəlləşir. Bakının çoxlu “bərbər”i və ya xalq dilində deyillən kimi “dəlləy” i var. İstəyən əlinə balta götürüb, ağacları qırır, hətta ar, utanc, qınaqdan da çəkinmədən qırdığını da oradaca qoyub gedir. Bu cürət, cəsarəti onlara verənlər kimlərdir? Özünün hektarlarla bağ-bağatı olan, xaricdən bahalı ağacları gətirən icra hakimləri. Hamımız yaxşı bilirik ki, həyətində bir daşı o birinin üstünə qoyanın başının üstünü kimlər kəsdirir. Elə həmin kəslərin cibişdanı dolandan sonra onlar üçün ağac kəsilməsi qoyun başı kəsilməsi kimi şeydir.
O gün yaxınıma baş çəkməyə gedirdim, həyətdə təzəcə nənə olmuş xala bərkdən şikaylənə-şikayətlənə uşaq arabasını sürürdü. Nəvəsini həyətə düşürən xala körpənin hava alması üçün ağac kölgəsi axtarırdı. “Allah bunların belini qırsın, bu həyətdə bir ağac da qoymadılar ki, altında oturub nəfəs alasan”. Hirsli xalanın əslində, nəvəsinin gələcəyinə canı yanırdı. Uşaqlarımızın ağciyərlərinin aqubəti necə olacaq?
Həqiqətən də, Bakının yaşıllığı az olduğundan, şəhərin havasının da sürətlə çirkləndiyini hiss etmək çətin deyil. “Maşın şəhəri”nın dəniz kənarında olduğunu da hərdən unudursan. Güya camaat dəniz kənarına hava almaq üçün gedir, özü də kilometrələr aşaraq.
Bu gün doğulan uşaqların çoxu allergiyalı xəstəliklərlə dünyaya gəlirlər. Səbəblər arasında, Bakının ağır havası da rol oynayır. Axı, hamilə qadın harada təmiz hava aldı ki, övladı da sağlam nəfəsli dünyaya gəlsin. Bu barədə həkimlər dilini qatlayıb bir söz də demirlər. Çünki onlara xəstə uşaq, sağlam üşaqdan daha çox lazımdır.
Hə, bir də onu demək istəyərdim. Xarici ölkələrdə insanlar şəhər parklarında, yaşıllıqlarda istədiyi kimi istirahət edirlər. Bizdə isə şəhərin yeni salınmış süni parklarında olan yaşıllıqda nəinki, pik-nik, heç balaca uşağın sərilməyinə də icazə vermirlər. Bəs bu yaşıllıqlar kimin üçündür? Misal üçün, səkkizinci kilometrdə yerləşən Heydər Əliyev Parkı var. Gül kimi parkı sökən Nizami rayon icra hakimi yenidən bir az fərqli park saldı. Uşaqların parkın yaşıllıq zolağına ayaqbasması qəti qadağandır. Hətta gizlənqaç oynayan uşaqların ağac arxasında gizlənməsi də az qala cərimələnir. “Socar”ın gödəkçələrini geyinmiş park mühafizəçilərinin bu davranışı onu göstərir ki, onlar təcili xarici ölkəyə təcrübəyə göndərilməlidirlər. Bəlkə orda parkın, ağacın kimə məxsusluğunu öyrənələr.
Ağac “qırğını” deyəndə son günlərdə “Botanika bağı”nın başına gətirilənlər yada düşür. Belə deyirəm, çünki bəzi qüvvələr bu məsələni gündəmdən salmağa çalışırlar. Gör nə gündəyik ki, Milli Məclisə yaxın olan bağdan, yaşıllaşdırmadan dəm vuranlar indi sus qalıblar. Bir nəfər qalxıb rəsmi açıqlama ilə səs-küy də salmır. Belə çıxır ki, Heydər Əliyevin “hərəyə bir ağac əkək” təklifinə xəyanət gedir.
Sonda, bir qeydim də var. 1967-ci ildə Bakı haqqında “Çiçəklənən Abşeron” adlı sənədli film çəkilmişdi. Ssenari müəllifi Nəbi Xəzri, rejissoru isə Nina Mustafayevaya məxsusdur. Həmin qısa filmdəki kadrlara görə, Bakının binaları yaşıllığın içində az qala itir. Bəli, uzun zaman keçib.
İndi bizə həmin filmə baxıb ancaq “rəhmət” demək düşür. Bu gün hansısa rejissorun cürəti çatırsa, indiki Bakıdan film çəksin və adını da “Tozdan boğulan Bakı “qoysun. Bunları kimə deyirəm, görəsən?...