“Keçi südü əmib, ana südü yox...”

keci-sudu-emib-ana-sudu-yox
Oxunma sayı: 2072


İndiyədək yaşadığım ömrümün yarısı avtobusda, metroda, bir sözlə, ictimai nəqliyyatda keçib desəm, yanılmaram. Yəqin elə buna görə də bəzən maraqlı, bəzən gülməli, bir çox hallarda xoşagəlməz hadisələri məhz ictimai nəqliyyatda müşahidə etmişəm, bəzən də iştirakçısına çevrilmişəm. Fikrimcə, cəmiyyəti tanımaq üçün ictimai nəqliyyatda bir qədər vaxt keçirmək bəs edər, çünki burada cəmiyyətin hər təbəqəsinin nümayəndələrini görmək olar, ən ali təbəqə istisnadır təbii ki...

Nadir hadisələrdən biri olmuşdu; avtobusda oturacaqlardan birində əyləşmişdim. Bəli, məhz nadir! Bu meqapolisə çevrilən şəhərin avtobuslarında "oturmaq səadəti" hər dəfə nəsib olmur insana. İki dayanacaqlıq yol qət etmişdi avtobus. Nimdaş paltarlı, arıq cüssəli, hündür, yaşlı bir kişi əlində iri zənbillə daxil oldu. Yer verdim. Oturdu:

- Sağ ol, a bala. O dəqiqə bilinir ki, sən ana südü əmmisən, keçi südü yox.

"Əstəğfürullah, zibilə keçdik də. İndi salacaq məni çənəsinin altına. Mənzil başına da azı 20 dəqiqəlik yol var", - deyə düşündüm. Elə bu an sürücünün cəld əyləci basması ilə sərnişinlərin məcburi yerdəyişməsi ağsaqqalı yenidən danışmağa məcbur etdi:

- Bax, görürsən, keçi südü əmib, ana südü yox.

- Yox, dayı, deyəsən, sürücülük bir şey yoxdur. Avtobusun qarşısından keçən avtomobilin sürücüsündə idi günah.

- Fərqi nədir? İkisindən biri keçi südü əmib!

Bizim avtobuslarda adam içində və ya ümumiyyətlə, özünü aparmayanlara tez-tez rast gəlmək olur axı... Ortayaşlı biri telefonla ucadan danışır: "Hay? Ayə, yox, gələjəm dana. Ayə, hə, yox-yox, yaxşı-yaxşı, ha ha ha, hə canın üçün. Nərimanovdayam, 5 dəqiqəyə çateram". Halbuki Sabunçuda idi.

- Bax, bu da keçi südü əmib. Heyvan kimi anqırmağından bilinir.

Bir qədər sonra avtobusa 50-55 yaşlarında bir xanım mindi. Xülasə, bu xanıma yer verən tapılmadı və hamı "keçi südü əmən" oldu...

- Bala, insan keçi südü əməndə belə olur. Heyvan olur yəni, mədəniyyətsiz olur, heyvan kimi anqırır, keçi kimi buynuz atır, şıllaq atır. Bax indiki uşaqlara, əksəriyyəti keçi südü ilə böyüyüblər, ya da "malış"dı, nədi o. Ona görə də sözümüz bir-birimizin qarnına girmir, birimiz deyəndə o birimiz eşitmirik, bir-birimizə hörmət edə bilmirik...

Yol boyu xeyli düşündüm... Əcəba, bir cəmiyyəti düzəltmək üçün ana südü kifayətdirmi? Məgər ana südü əmən bütün insanlar eynidirmi? Nə çox ana südü əmib dünyanı bir-birinə vuran, qətl, müharibə törədənlər... Axı ana südü də çiydir...

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.