Keçid tikintisi bu il də davam edəcək

kecid-tikintisi-bu-il-de-davam-edecek-
Oxunma sayı: 1132


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və “5-ci Köndələn” küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında 1 avtomobil tunelinin və 1 piyada keçidinin tikintisi işləri əsasən yekunlaşıb. Tunelin kənarlarına bardürlər düzülüb. Yağış və qrunt sularını ötürəcək xətlərin nasosxana ilə əlaqələndirilməsi isə başa çatıb. Hazırda tunelin üzlənməsi, naxış işləri yerinə yetirilir. Bununla paralel olaraq, tuneldə asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri görülür.

P.Mürsəliyev qeyd edib ki, piyada keçidində də bəzək işləri həyata keçirilir. Eyni zamanda, yan yolların tikintisi reallaşdırılır, səkilər salınır, yağış barmaqlıqları quraşdırılır.

Avtomobil sıxlığı və ərazinin təhlükəli olması nəzərə alınaraq piyadaların keçiddən istifadə etmələri üçün şərait yaradılıb.

Layihə üzrə 4 hərəkət zolağından ibarət olacaq tunelin uzunluğu 940, eni 16 metrdir. Piyada keçidinin uzunluğu 105, eni 16, hündürlüyü isə 3 metr nəzərdə tutulub. Tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, “5-ci Köndələn” küçəsinə və hava limanına heç bir maneəsiz gedə biləcəklər.