Keçmiş icra başçısı şairin torpağını əlindən aldı

kecmis-icra-bascisi-sairin-torpagini-elinden-aldi
Oxunma sayı: 636

“Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı yazıda deyilir: “Mərhum şair, ədəbiyyatşünas alim Ağa Laçınlını Azərbaycanda tanımayan az olar. O, ömrünü elm, təhsil və bədii yaradıcılığa həsr etmiş halal bir insan idi. Həyatının 30 ilindən çoxunu Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dosenti və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Ağa Laçınlı həm də 5 uşaq böyüdüb tərbiyə edib. Təbii ki, bu böyük ailənin mənzil şəraitini yaxşılaşdırmaq sadə bir alim-şairin imkanı daxilində olan məsələ deyildi. Məhz bu amili, həm də Ağa Laçınlının elm, təhsil və poeziya sahəsindəki xidmətlərini nəzərə alan dövlət hələ 1995-ci ildə ona fərdi yaşayış evi tikmək üçün Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi ayırıb. Amma ömrü-günü tələbə auditoriyasında, yazı masası arxasında keçən Ağa müəllimin artıq vəsaiti harada idi ki, qısa vaxtda ev tikdirsin. Elə uşaqları böyüdüb, oxutdurub, əlini başına yığırdı ki, əcəl qapını kəsdi”.

Daha sonra yazıda bildirilir ki, Ağa Laçınlı vəfat etdikdən sonra Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1338 saylı torpaq sahəsi vərəsəlik hüququ əsasında onun ailəsinin mülkiyyətində qalıb. Ailə 2008-ci il 29 sentyabr tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən "Torpaq sahəsinin planı və ölçüsü", həmin il oktyabrın 11-də isə “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” alıb.

Məqalədə deyilir: “Amma nə olsun? Qanunsuzluğa qol qoyulan yerdə qanuni sənədə fikir verən kimdir? Məsələ bundadır ki, Ağa Laçınlının ailə üzvləri bir də ayılıb gördülər ki, onların halal torpağının bir hissəsi başqası tərəfindən hasara alınıb. Və bu başqası da kim olsa yaxşıdır? Badamdar qəsəbəsinin inzibati cəhətdən yerləşdiyi Səbail rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Rüstəm Məmmədovun qardaşı Zülfüqar Məmmədov, daha doğrusu, saxta sənədlərin adına rəsmiləşdirildiyi anası Biliy Məmmədova.

Yeri gəlmişkən qeyd edək ki, Biliy Məmmədovaya sözügedən torpaq sahəsinin ayrılması barədə sərəncam məhz oğlu Rüstəm Məmmədovun Səbail Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə verilib. Əslində, bu faktın özü indi düyünə düşmüş mübahisədə kimin haqlı olduğunu müəyyən etmək üçün kifayətdir. Lakin Ağa Laçınlının ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt edilməsini təsdiqləyən fakt təkcə bu deyil axı... Və digər faktlar o qədər "kor-kor, gör-gör"dür ki, nəinki dövlət sənədlərinə qol çəkən məsul şəxs, hətta bu cür işlərdən baş çıxarmayan hər kəs qanunun pozulduğunu asanca görə bilərdi”.

Rəsmi dövlət qəzeti Ağa Laçınlının ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt edilməsini təsdiqləyən faktlar sırasında Rüstəm Məmmədovun icra başçısı işlədiyi dövrdə anasının adına imzaladığı sərəncamın verildiyi tarix və sıra nömrəsinin Ağa Laçınlıya verilən sərəncamdan sonra gəlməsi, həmçinin torpaq sahəsinin yerləşdiyi ərazidə ayrılmış torpaq sahələrinin sıra nömrəsində də uyğunsuzluğun mövcud olması faktlarını qeyd edir. Bildirilir ki, Məmmədova Biliy Nəbi qızına aid sərəncamda torpaq sahəsinin nömrəsi 1898x olduğu halda həmin ərazidəki sahələrin sıra nömrəsi 1335, 1336, 1337 və şairin ailəsinə aid olan 1338-dir.

Dövlət qəzeti yazır: “Bizə elə gəlir ki, Biliy Məmmədovanın adına verilmiş sərəncamda başqasının əmlakının zəbti ilə nəticələnən qanunsuzluğun baş verdiyini sübut etmək üçün bundan tutarlı fakt ola bilməz. Təbii ki, həmin qanunsuzluğun qarşısını almaq istəyən üçün. Məsələ ondadır ki, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısının doğma anasının adına verdiyi qanunsuz sərəncam növbəti qanunsuzluqlarla müşayiət olunub. Daha dəqiq desək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi 2011-ci ilin aprelində Biliy Məmmədovanın adına nə "Torpaq sahəsinin planı və ölçüsü"nü, nə də "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış"ı verərkən bu qanunsuzluğa məhəl qoyub. Baxmayaraq ki, təxminən 3 il qabaq sözügedən bu dövlət orqanı həmin ərazi üçün Ağa Laçınlının ailəsinə analoji sənədləri vermişdi.

Bu nədir, adi diqqətsizlikmi? Sözsüz ki, yox! Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə işi düşənlər yaxşı bilirlər ki, nəinki hər hansı lazımsız bir sənəd, hətta hansısa sənəddə ciddi əhəmiyyət kəsb etməyən durğu işarəsi olmadıqda oradan əliboş qayıtmaq ehtimalı daha çoxdur. Bəlkə məsuliyyətsizlikdir bu ədalətsizliyə rəvac verən? Yenə də inanılası deyil! Daxil olan qovluqdakı sənədləri "ilişmək" üçün azı 15-20 dəfə o tərəf-bu tərəfə vərəqləyən reyestr işçisi çətin ki, məsuliyyət hissini itirsin! Deməli, səbəb "başqa"dır. Və indi həmin "başqa" səbəb üzündən böyük bir ailə halalca torpağına sahib ola bilmir. Sahib ola bilmir ki, 17 il əvvəl birbaşa dövlətin göstərdiyi qayğıdan yararlanıb yaşayış şəraitlərini yaxşılaşdırsın.

İndi söz yenə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin rəhbərliyinindir. Bütün hallarda öz səhvlərini özləri düzəldə bilərlər! Əks halda, konkret bu fakt dövlətin humanizm siyasətinə qarşı çıxmaq olardı!”/mediaforum.az/