Keçmişdən bu günə dedi-qodu - Tarixi və faydaları

Keçmişdən bu günə dedi-qodu
Oxunma sayı: 2748

Bildiyimiz kimi, qeybət bütün dünyada, eləcə də dinlərdə müsbət qarşılanmır. Lakin qeybətin insanların həyatına böyük təsiri var. Dedi-qodu gündəlik həyatımızın ayrılmaz hissəsidir, desək heç də yanılmarıq.

Əsassız söz-söhbət kimi kənarlaşdırılsa da, əslində qeybətin dünyanın bütün işlərində mühüm yeri var.

Quqlda “qeybət” sözü ilə şəkil axtardığınız zaman görərik ki, fotoların 62 faizi qadın, 7 faizi kişi, 31 faizi isə kişi və qadından ibarətdir. Bu, kişilərin guya qeybət etmədiyi mənasını versə də, lakin araşdırmalar göstərir ki, kişilər qeybət etmək mövzusunda qadınlardan heç də geri qalmır. Qeybətin mənşəyi ünsiyyətin yarandığı ilk zamanlara qədər gedib çıxır.

Psixoloq Robin Dunbar hətta nitqin məhz dedi-qodu sayəsində insanlar arasında təkamül etdiyini iddia edir. Dedi-qodular cəmiyyətdə ictimai faydalı məlumatların ötürülməsini təmin edir, kimə etibar edib və ya edə bilməyəcəyinizdən tutmuş kimin “sui-istifadəçi” olduğuna və kimin bununla öyündüyünə qədər bizi hər şeydən xəbərdar edir.

Bu cür söhbətlər sosial inteqrasiyanı təmin edir, münaqişənin qarşısını alır. Orta əsrlərdə doğuş zamanı hamilə qadına dəstək olan qadınlar üçün qeybət (“gossip”) (“godsibb” sözündən yaranıb və mənası ana/ata deməkdir) sözündən istifadə olunurdu.

Zaman keçdikcə yazılışı qismən dəyişən bu söz “tanış” (“gossip”)  və ya dost mənasını qazanmış, sonralar “tanış bir mövzudan, cəfəngiyyatdan danışan adam” mənasında işlənib. Bu gün ingilis dilində “qeybət” sözü həm bu hərəkətə, həm də onu edən şəxsə aiddir.

Qeybət sözü XVI – XVIII əsrlər arasında Avropada cadugarlarla mübarizə dövrünə qədər mənfi məna daşımırdı. Daha sonrakı dövrlərdə, yəni cadugarlarla mübarizə çərçivəsində qadınlar işgəncələrə məruz qalaraq öldürülüb. Qadınları cəzalandırmaq və danışmağa mane olmaq üçün xüsusi nizam-intizam hazırlanır. Beləliklə, qeybət qadınlar arasında söhbətin mənfi mənasını qazanır.

XVII və XVIII əsrlərdə İngiltərə qəhvəxanalarında kişilər arasında söhbət kimi qeybət yayılır. Belə məkanlar varlı və savadlı kişilər üçün nəzərdə tutulmuşdu. Burada təhsilli kişilər və onların tələbələri bir-birlərinə intellektual bacarıqlarını göstərirdilər. Qadınlar isə həmin məkana yalnız xidmətçi kimi daxil ola bilirdilər. Beləliklə, qadınların qeybət, kişilərin isə ciddi söhbət etməsi əfsanəsi buradan yaranır.

Ofisdə və ya hər hansı iş yerində qeybət təcrübəsi ilə bağlı mövzularda kişilər tez-tez “mən dedi-qodu etmirəm, sadəcə...” sözləri ilə başlayır və qeybətdən strateji və siyasi cəhətdən istifadə edərək uzun-uzadı danışırlar. Dedi-qodu yerinə “işgüzar söhbət”, “iclasdan sonra brifinq” və “dəhliz söhbətləri” kimi bir çox fərqli ifadələrlə bəzədilir. Beləcə, kişilər bu şərtlərlə özlərini daha rahat hiss edirlər. “Son qeybət nədir?” əvəzinə “nə baş verir?” sualını verərək özlərini sudan quru çıxarırlar.

Sualın arxasındakı məqsəd eynidir, lakin ikinci sual qeybətçil olmağı yaxşıca ört-basdır edir. Eynilə, dedi-qodu edən insanları müəyyənləşdirmək üçün istifadə olunan “yaxşı insan münasibətləri” kimi ifadə istifadə olunur.

İş yerindəki dedi-qoduları aradan qaldırmağa çağıran zəngin materiallarla yanaşı, qeybətə müqavimət göstərməyin mənəvi səbəblərini sadalayan kitablar da mövcuddur. Qeybətlə bağlı məşhur stereotiplər dedi-qodu zamanı mənfi mühakimələrə həddindən artıq önəm versə də, qeybət eyni zamanda mərhəmət, empati və mənəvi acıları fərqləndirməklə də əlaqələndirilə bilər.

Beləliklə, qeybət həm müsbət, həm də mənfi emosiyaları ifadə etməyin bir yolu, “stressi aradan qaldırmaq” üsulu və qəbul edilən sosial ədalətsizliyə emosional reaksiyadır. Etik və ya qeyri-peşəkar davranışla bağlı narahatlıqlar qeybət vasitəsilə ifadə edilə bilər.

Qeybət iş yerlərində sui-istifadə halları ilə bağlı olduqda, nəzərə alınmalı olan erkən xəbərdarlıq siqnalı kimi çıxış edə bilər. Qeybətlərin hamısı müsbət deyil. Elə ola bilər ki, dedi-qodular ayrı-ayrı şəxslərin və təşkilatların nüfuzuna xələl gətirər. Mənfi qeybət insanlara zərər verən bir zorakılıq növüdür.

Vestminster Universitetindən tədqiqatçı Ketrin Veddinqton qeyd edir ki, qeybət sahəsi üzrə apardığı 25 illik araşdırma müddətində dedi-qodu reabilitasiya prosesindən keçib. Onun “Qeybət, Təşkilat və İş (“Gossip, Organization and Work”) adlı son kitabında göstərildiyi kimi, qeybət ünsiyyət və iş dünyasında araşdırma mövzusu kimi qəbul edilir.

Qlobal miqyasda #MeToo (Sən də söylə) hərəkatı qeybətə dair təsəvvürləri dəyişdi, eyni zamanda “səsini çıxar” mədəniyyətinin yüksəlişi və günahlandırmaqdan qorxmadan həqiqəti söyləmək üçün təhlükəsiz mühitin yaradılmasına təkan verdi. Məlumatların sızdırlması, sui-istifadə halları və ya gizli şantajların aşkar edilməsində qeybət əhəmiyyət daşıyır. Artıq diqqət qeybətin problem olmasına deyil, onu “problemin arxasındakı problemi” ifadə etmək üsulu kimi görməkdir ki, bu da bütün gizli işləri ifşa edir.

Pandemiya qeybətə kölgə saldı. Həmin dövrdə tətbiq edilən komendant saatları, dedi-qodu yaradan təsadüfi söhbətlər, görüşlərdən əvvəl və ya sonrakı söhbətlər üçün imkanları aradan qaldırdı. Bir çox insan ofisə qayıtdıqda, dedi-qodunun kiçik bir sosial əlaqə və əməkdaşlıq üçün nə qədər vacib olduğunu başa düşdülər.

İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini ifşa etmək hesab olunur, eləcə də qeybət etmək, kiminsə eybini onun ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir. Qeybət etməyin pislənməsinə aid saysız-hesabsız hədis və rəvayətlər var.

Lakin bəzi məqamlarda qeybət etməyə icazə verilir. İlk olaraq müsəlmanın qeybətini etməkdə məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı qeyri-məhduddur. Bunlar aşağıdakı kimi sadalanır:

- Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.

- Zalım şəxsin qeybətini etmək.

- Bir kəsə məsləhət verən zaman qeybət etmək.

- Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.

- Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək.

- Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.

- Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.

- Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır.

Eləcə də, bir şəxs ailə həyatı qurmaq məqsədilə gələcək həyat yoldaşı haqqında onu tanıyanlardan soruşduğu təqdirdə həmin adam bildikləri doğruları söyləməlidir. Əgər onun söylədiyi həqiqətlər içərisində normalda qeybət hesab olunan varsa da, bu, günah hesab olunmur.

Sonda qeyd edək ki, qeybət edib-etməmək həmişə etik bir qərardır və hər bir şəxsin özündən asılıdır.

Samirə Xankişiyeva

Mənbələr: 

bbc.com/turkce

Vikipediya