“Kefləri harda istəsə, ov etməməlidirlər”

“Kefləri harda istəsə, ov etməməlidirlər”
Oxunma sayı: 971

“Bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu qanuni hüquqları hesab edənlər.  Bu məsələyə aydınlıq gətirmək üçün bizim, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçirəcəyik. Forumda təzadlı fikirlər ətrafında müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov verib.

O bildirib ki, beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və hər zaman müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq. 

Forumda iştirak edəcək həvəskar ovçu Bəxtiyar Məmmədov hesab edir ki, ov istirahət növüdür. “Mən neçə ildir ovla məşğulam, ata-babalarımızın dövründə də ov var idi, amma o vaxt heyvan sayı da çox idi. Bu gün planetdə qlobal dəyişikliklər gedir, deyərdim ki, heyvan növləri azalır. Ona görə də ov heyvanlarının müəyyənləşdirilməsində sərt tənzimləmə tədbirləri görülməlidir ki, davamlı olaraq Azərbaycan ovçuları ov edə bilsin.

Bu gün Azərbaycanda ovetmə günlərinin sayı artırılıb ki, bunun əleyhinəyəm. Yəni əvvəl sadəcə şənbə və bazar günləri ova icazə verilirdisə, indi cümə günü də ov etmək olar. Fikrimcə, əgər istirahət məqsədilə ov ediriksə, həftədə 2 gün-şənbə və bazar kifayətdir”. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə ovun tamamilə qabağını kəsmək düzgün deyil, ova müvafiq normalar çərçivəsində icazə verilə bilər. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tənzimlənmə olmalıdır. Ova icazə veriləndə şərt, tələb qoyulmalıdır ki, bir dənədən artıq canlı vurulmasın. Heyvanların icazə verilən normadan artıq ovlanmasının əleyhinəyəm və tərəfdarıyam ki, müəyyən olunmuş ərazidə ov edilsin. Yoxsa, kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazilərdə ov edilməlidir”.

ETSN-nin Departament direktoru Hikmət Əlizadə də forum barədə fikirlərini açıqlayıb:

“Bu gün ictimaiyyət tərəfindən ov məsələsi birmənalı qarşılanmır. Böyük əksəriyyət ovun  tamamilə ləğvini, yəni ümumiyyətlə qadağan olunmasını istəyir, ovu anti-humanist bir fəaliyyət, digər tərəf isə bunu keçmişdən qalma adət-ənənə və kübar məşğuliyyət sayır. Düşünürəm ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd mövqeləri dinləmək çox əhəmiyyətlidir.

Mənim şəxsi qənaətimi bilmək istəyirsinizsə, təbiətimiz üçün bu gün ovun qadağan edilməsinin tərəfdarıyam, biomüxtəlifliyin qorunmasında bu, fikrimcə müsbət hal olardı. Amma bütün bunlar ümid edirəm ki, forumdakı müzakirələrdən sonra daha da aydınlaşacaq. Forumda iştirak edən xarici mütəxəssislərin rəylərinin də önəmi olacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi