Kəmaləddin Heydərov fövqəladə görüş keçirir - Yenilənib+Fotolar

Kəmaləddin Heydərov fövqəladə görüş keçirir
Oxunma sayı: 14150

Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında hazırda Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə növbədənkənar görüş keçirilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantı ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı verdiyi kəskin xəbərdarlıqlardan sonra reallaşıb.

Məlumata görə, prezidentin Bakıda həyata keçirilən tikinti işləri ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişləri var. Həmin göstərişlərə əsasən qeyd olunan neqativ hallar aradan qaldırıldıqdan sonra əhalinin tikintidən yararlanması üçün əlverişli şəraitin yaradılacağı gözlənilir. Belə ki, qiymətlərin yarıbayarı aşağı düşəcəyi bildirilir. Hətta Bakının müxtəlif əraziləri üzrə tikintilərin kvadratmetrinin hansı qiymətlə satılacağı da müəyyənləşdirilib.

Elə bu tədbirlər çərçivəsində bu gün qeyd etdiyimiz kimi, FHN-də fövqəladə görüş başlayıb. 

Kəmaləddin Heydərov isə artıq hər bir çətinliyin geridə qaldığını, bundan sonra iş adamlarına əsas qarantın dövlət başçısı tərəfindən verildiyini qeyd edib. Görüş hazırda davam edir.

***

Azərtac-ın yaydığı məlumatda qeyd edilir ki, görüşün əsas məqsədinin iş adamlarının problemlərini öyrənib həllinə nail olmaq olduğunu deyən nazir sahibkarların şəhərin daha da inkişafı üçün təkliflər verməyə, problemlərin həllinin müzakirəsində fəal olmağa çağırıb. Eyni zamanda, bildirilib ki, məqsəd respublikamızda tikintinin sürətləndirilməsi istiqamətində mövcud problemlərin aradan qaldırılması və həll yollarının araşdırılmasıdır.

Nazir son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, tikinti sektorunun ən çox inkişaf edən sahələrdən biri olduğunu deyib.

Qeyd edilib ki, tikintiyə investisiya qoymaq həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması baxımından səmərəlidir.