Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - Video

kemaleddin-heyderov-turkiyeli-nazirle-gorusdu
Oxunma sayı: 1504

Mayın 19-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi 19 mayın Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbriklərini çatdırıb. Nazir K.Heydərov iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.