Kəmaləddin Heydərov UNICEF-in nümayəndəsi ilə görüşdü - Video

kemaleddin-heyderov-unicef-in-numayendesi-ile-gorusdu
Oxunma sayı: 1482

Aprelin 28-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri, o cümlədən uşaq təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir FHN tərəfindən uşaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, uşaqlarda kiçik yaşlarından təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, o cümlədən mümkün fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə biliklərin aşılanması, onların belə hallara mənəvi-psixoloji cəhətdən hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Bu çərçivədə FHN ilə BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi arasında mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, müştərək tədbirlərin təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə birgə fəaliyyət planının hazırlanması təklif edilib.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens səmimi görüşə görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən uşaq təhlükəsizliyi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Qonaq hər iki qurum arasında əməkdaşlığın genişləndirilməsinin faydasını qeyd edərək, hazırlanacaq birgə fəaliyyət planının uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müxtəlif təbii və texnogen fövqəladə hallara hazırlıqlı olmaları baxımından mühüm töhvə verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd edək ki, FHN-ə səfər çərçivəsində Aleks Haykens Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.