Kənd təsərrüfatı ilinin yekunlarına həsr olunmuş seminar keçirilib - Fotolar

Kənd təsərrüfatı ilinin yekunlarına həsr olunmuş seminar keçirilib
Oxunma sayı: 938

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Prezident İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib: “Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərdən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2021-ci ildə də davam edib”.

Tədbirdə  çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərinə yönəldib. O çıxışında ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub.