Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən şəhərə” yarmarkasının sayı artırılacaq. Bu baradə “Qafqazinfo”ya məlumatı şirkətin direktoru Leyla Məmmədova verib.
L. Məmmədovanın sözlərinə görə, satış yarmarkası növbəti həftələrdən etibarən paytaxtın digər rayonlarında da təşkil ediləcək. Şirkət rəhbəri bildirib ki, yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.
Məlumat üçün bildirək ki, hal-hazırda “Kənddən şəhərə” yarmarkası paytaxtın Yasamal və Binəqədi rayonlarında fəaliyyət göstərir. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) təşkil edilən yarmarka şənbə və bazar günləri keçirilir. Yasamal rayonunda təşkil edilən yarmarka isə Seyfəddin Dağlı küçəsində (225 saylı orta məktəbin qarşısı, “Space TV”nin yanı) gündəlik olaraq vətəndaşların xidmətindədir. Alıcılar hər gün saat 08:00-dən 20:00-dək yarmarkadan təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını münasib qiymətə əldə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər