“Rayon mərkəzindən təxminən 60 km-lik məsafədə yaşayırıq. Kəndimizin yolları bərbad vəziyyətdədir, xəstəmizi həkimə apara bilmirik, kəndə təcili yardım çağıra bilmirik. Xüsusən payız və qış aylarında burada yaşayış dözülməz olur”.
Bu şikayətlə “Qafqazinfo”ya Sabirabad rayonunun Cəngan kənd sakini Xəyal Abbasov müraciət edib.
Şikayətçinin sözlərinə görə, kənddə heç vaxt asfalt yol olmayıb: “Bizim kənd Muğan Gəncəli Bələdiyyəsinə daxildir və 45 Vətən müharibəsi iştirakçısının, 7 qazinin, 15 şəhidin və ən əsası, fəxrimiz, şəhid Milli Qəhrəman polkovnik-leytenant Murad Mirzəyevin kəndidir. Bu qədər qəhrəman oğlu olan kənddə illərdir ki, yol və işıq problemi var. Camaat şəhidlərinin məzarını belə rahatlıqla gedib ziyarət edə bilmir. İki dəfə öz hesabıma yola “qrabel” tökmüşəm, amma o da asfaltı əvəz eləmədiyinə görə bir müddətdən sonra sıradan çıxıb. Xəstəni, hamilə qadını bu yolla həkimə necə aparmaq olar? Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, bizə cavabları “gedin, işinizlə məşğul olun” olub.
Şikayətçi kənddə həmçinin işıq probleminin də olduğunu söyləyir. Onun sözlərinə görə, işıq xətləri köhnə olduğundan tez-tez problem yaşayırlar: “Kəndə yağış yağsa, 20 dəqiqə sonra işıq sönür. Çünki işıq xətləri köhnədir, kolxoz dövründə çəkilib. Demək olar ki, işığımız hər gün sönür, evdə kombi işlədə bilmirik”.
Sakinlərin şikayəti ilə əlaqədar Cəngan kəndinin də daxil olduğu Muğan Gəncəli Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədri Qabil Əliyev saytımıza açıqlamasında problemin həll olunacağını söyləsə də, vaxt deyə bilmədi: “Bəli, bizim bələdiyyənin, təkcə Cəngan kəndinin deyil, Muğan Gəncəli kəndi, Salmanlı, Çiçəkli kəndlərinin yol problemi var. Təxminən 12-13 km uzunluğunda yol çəkilməlidir. Biz İcra Hakimiyyətinə müraciət etmişik, yolun çəkilməsi dövlət proqramına salınıb. Amma nə vaxt çəkiləcəyini bilmirik. Həmçinin kəndin işıq problemi ilə bağlı da aidiyyəti üzrə müraciət olunub. İşıq problemi də proqrama uyğun olaraq növbə ilə yenilənir. Çünki bizdən əvvəl də növbədə kəndlər var”.
Problemlə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə də müraciət etdik. Qurumdan problemdən məlumatsız olduqlarını bildirdilər: “Bizə nə bu il, nə də ötən il Cəngan kəndindəki problemlərlə bağlı müraciət daxil olmayıb. Əgər problem varsa, rəsmi müraciət olunsun, aidiyyəti üzrə araşdıraq”.
Qeyd edək ki, sözügedən bələdiyyə üzrə ərazidə ümumilikdə 8 min nəfər əhali yaşayır.
Gülnar Əliyeva
.jpg)
Son xəbərlər
Son Xəbərlər