Keniyanın 15 bölgəsi çəyirtkə axınına məruz qalıb

keniyanin-15-bolgesi-ceyirtke-axinina-meruz-qalib
Oxunma sayı: 834

Keniyada 47 bölgədən 15-i çəyirtkələrin kütləvi axınına məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Keniya kənd təsərrüfatı naziri Peter Munya jurnalistlərə açıqlamasında bildirib.

“Keniya yeni bir çəyirtkə bəlası ilə qarşılaşdı. 47 mahaldan 15-də çəyirtkələrin kütləvi axını aşkar edilib”, - deyə nazir vurğulayıb.

Ölkənin bir çox yerində çəyirtkə sürülərinin görüldüyünü qeyd edən Munya, lazımi tədbirlərin görüldüyünü, ancaq təhlükənin hələ keçmədiyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FOA) məlumatına görə, Şərqi Afrika ölkələrini işğal edən çəyirtkələrə qarşı mübarizə aparmaq üçün 38 milyon dollar vəsait ayrılmalıdır.

Təşkilat çəyirtkə sürülərinin Efiopiya, Keniya və Somalinin müxtəlif bölgələrinə yayılmağa başladığını və bu ay Cənubi Sudan, Tanzaniya və Uqandaya çata biləcəyini bildirib.

Qida təhlükəsizliyi üçün böyük bir təhlükə yaradan çəyirtkə sürüləri keçən il bölgədə yüz minlərlə hektar əkinçilik ərazilərinə ziyan vurub.

Bir kvadrat kilometrə yerləşən 40-80 milyon çəyirtkə yalnız bir gündə 35 min nəfərə çata biləcək qidanı tələf edə bilər.

Çəyirtkə sürüləri hər gün 150 kilometr yol qət edə bilir.