Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Gəncə təmsilçisi iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq. “Sarı-göylər” “Palantökən” otelində məskunlaşacaq. “Kəpəz” ötən mövsüm öncəsi də qardaş ölkədə məhz bu bölgədə məşq etmişdi.
Nizami yurdunun təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək. Komanda orda iki yoxlama oyunu keçirməyi planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır. “Kəpəz” Bakı – Naxçıvan - Ərzurum marşrutu ilə Türkiyəyə yollanacaq.
Gəncəlilər həminin transfer çalışmalarını da davam etdirirlər. Beş yerli futbolçunun keçidinə nail olan “sarı-göylər” daha iki oyunçunun xidmətində maraqlıdır. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legionerlər olacaq. Məşqçilər korpusunun hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur.
Son xəbərlər
Son Xəbərlər