““Kəpəz”ə Moldovanın ruhən ən güclü klubu düşüb” - “Daçiya”nın prezidenti

kepeze-moldovanin-ruhen-en-guclu-klubu-dusub
Oxunma sayı: 900

Xəbər verdiyimiz kimi, “Kəpəz” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Daçiya” klubu ilə qarşılaşacaq. “Daçiya” klubunun sahibi Adlan Şişxanov sportal.az saytına müsahibə verib. “Qafqazinfo” müsahibəni təqdim edir:

- “Kəpəz” haqqında nə bilirsiniz?

- “Kəpəz”lə maraqlanmışıq. Gəncə təmsilçisi başa çatan mövsümdə çempiontda 36 oyun keçirib. “Kəpəz” mövsümü 15 qələbə, 11 heç-heçə və 10 məğlubiyyətlə başa vurub. Rəqibimiz Azərbaycan futbolunun inkişaf edən klublarından biridir.

- “Daçiya”nın şanslarını necə görürsünüz?

- Hər iki komandanın şansları var. “Daçiya” üçün rəqibin fərqi yoxdur. Biz həmişə meydana qələbə üçün çıxırıq. Kimin güclü olduğunu oyun göstərəcək. Onu deyim ki, “Kəpəz”ə Moldovanın ruhən ən güclü komandası düşüb.

- “Daçiya”nın Avropa Liqasında hədəfləri nədir?

- Komandaya turnirin qrup mərhələsinə düşmək tapşırığı qoyulub. Düzdür, püşkdən çox şey asılı olacaq. Əlimizdən gələni edəcəyik ki, “Kəpəz”i mübarizədən kənarlaşdıraq.

- Azərbaycan və Moldova çempionatlarını müqayisə edərdiniz...

- Düşünürəm ki, Moldova çempionatı Azərbaycan çempionatından zəif deyil. Bunu əminliklə söyləyirəm. Bizim çempionatda güclü klublar var və o komandalar çox səviyyəli oyun nümayiş etdirirlər. Moldova və Azərbaycanın aparıcı klubları eyni səviyyədədir. Yalnız fərq ondadır ki, Azərbaycan çempionatında aşağı pillələrdə olan klubların maddi və infrastrukturu bizim klubları üstələyir.

- “Daçiya”nın heyətində səviyyəli legionerlər var. Sirr deyilsə, komandanın illik büdcəsi nə qədərdir?

- Bu sirrdir. Deyə bilmərəm.