Bu mövsüm Azərbaycan çempionatına qayıtması ilə gündəmə gələn “Kəpəz” klubunun stadionunun çökməsi ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.
Bildirilir ki, hazırda arenanın tribunaları bərbad vəziyyətdədir. Stadion hər an çökə bilər.
Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb. O bildirib ki, hazırda araşdırma aparılır: “Fotoları biz də gördük. Hazırda durumu araşdırırıq. Razıyam ki, stadionun bu vəziyyətdə olması təhlükəlidir. Hər şey qaydasına qoyulacaq”.
Qeyd edək ki, “Kəpəz”in Müşahidə Şurasının sədri Gəncə icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir.
***
Gəncə Gənclər və İdman idarəsinin rəisi Müşviq Cəfərov da məsələyə münasibətini bildirib. O deyib ki, stadionda vəziyyət normaldır: “Stadionda hazırda təmir işləri gedir. Bu şəkillər yəqin ki, çoxdan çəkilib. İndiki vəziyyətdə Gəncə stadionunda belə halla üzləşə bilməzsiniz”.

Son xəbərlər
Son Xəbərlər