Son günlər İraq Şam İslam Dövləti ordusunun İraq şəhərlərini işğal etməsi və bütünlükdə Orta Şərqdə müharibə alovunun genişlənməsi Azərbaycan ictimaiyyətini də nigaran edib. “Qafqazinfo”nun xəbərinə görə, bu olayla bağlı Ümid partiyasının İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlının fikirlərini açıqlayıb:
- Rüfət bəy, İraqda nə baş verir?
- Gerçəkdən regionumuzda həm məntəqə üçün , həm də bəşəriyyət üçün qorxulu olaylar baş verməkdədir. Bütün dünyanın gözü önündə islamdan son dərəcə dəhşətli bir görüntü sərgiləyən az saylı bir ordu İraq şəhərlərini işğal edərək irəlilədi. Günahsız mülkilərin qanı töküldü,insanlıqdan uzaq vəhşiliklər törədildi. Təəsüflər olsun ki, bu olaylar qarşısında beynəlxalq ictimaiyyətin kifayət qədər ciddi reaksiyasını görmədik. Ortada isə açıq aşkar terror baş verir. İraq şəhərləri ard-arda işğal olunub. Təbii ki, baş verənlərin yalnız minə yaxın silahlı terrorcunun əli ilə həyata keçirdiyini qəbul etmək sadəlövhlük olardı.
- İraq Şam İslam Dövlətinin şəriət dövləti yaratmaq istədikləri ölkələr sırasında Azərbaycanın da adı çəkilib. Bu haqda nə deyə bilərsiniz?
-Bilirsiz,mənim düşüncəmə görə bu qruplaşmanın fəaliyyəti İraq sərhədlərini aşa bilməyəcək. Azərbaycana gəlincə bizim ölkəmiz nə indi nə də gələcəkdə şəriət dövlətinin yaranması üçün münbit olmayıb,əslində heç bunun üçün sosial baza da yoxdur. Əgər qonşu İrana nəzər salsaq 1979 cu ilə qədər ölkədə söz sahibi olan kifayət qədər din xadiminin kənarında və arxasında ,onlara təqlid edən çoxlu sayda dindar əhali var idi. Hələ dini kəsimə dəstək verən solçuları da diqqətdən qaçırmayaq. Bizdə isə durum təmamilə fərqlidir. Azərbaycan insanı dünyəvi,eyni zamanda insan mehvərli, insana dəyər verən bir quruluşun olmasını arzulayır. İŞİD-nin isə inanmiram ki, Azərbaycanda elə bir ciddi tərəfdarları olsun. Hər halda bununla bağlı müvafiq təhlükəsizlik qurumlarımızın da ciddi fəaliyyəti tələb olunur.
- Sizcə İraqda baş verən olaylara Azərbaycanın reaksiyası qənaətbəxşdirmi?
- Əsas məsələ İraqda baş verən insan faciəsinin qarşısının alınmasıdır. Orada məzlum insanlar qırılır. Bizim üçün hər İraq vətəndaşı əzizdir. Amma orada həm də çox məzlum bir durumda qalan 100 minlərlə soydaşımız da yaşayır. Kərkükün zaman zaman müxtəlif terrorçu qruplara “yem” edilməsi bizi çox üzür. Məncə baş verənlərə bütün türk-islam dünyası biganə qalmamalıdır. Türkiyənin çiyninə isə, daha çox 2003- cü il 2 mart təzkirəsini qəbul etməklə üzləşdiyi fiaskonun əvəzini çıxmaq üçün daha ağır yük düşür. Azərbaycan olaraq da özəlliklə Kərküklü soydaşlarımıza “sahibsiz deyilsiniz” mesajının verilməsi sərgiləməli olduğumuz ən vacib hərəkətdir.
Son xəbərlər
Son Xəbərlər