“Gündəlik çox genişdir və biz bütün məsələr üzrə nailiyyət əldə etməliyik. Qarşıdakı iki gündə çox maraqlı müzakirələr aparacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Pre-COP29” tədbirinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP28-dən sonra 6 ay ərzində kəskin hava şəraiti dünyada 31 milyard zərərə gətirib çıxarıb: “Aldığımız müsbət rəylərdə, açıq məktublarda müsbət ismarıcları yüksək qiymətləndiririk. İqlim dəyişikliyi milli sərhədlər, dar maraqlara cavab vermir. Biz birlikdə işləməliyik. Bu sessiyanın məqsədi COP29-da uğurlu danışıqların təşkilidir. Diqqəti ciddi təməlqoymaya yönətlməliyik”.
Nazir bildirib ki, COP29 çərçivəsində bir sıra tədbirlər təşkil ediləcək.
***
COP28-in prezidenti Sultan Əl Cabir bildirib ki, hazırda əsas prioritet məsələlərdən biri maliyyədir.
“Maliyyə BƏƏ-də olan məsələlərin təməlində dayanırdı. Bu xüsusda maliyyəni daha əlçatan etmək üçün belə desək, üçüncü sütun təşkil etdik. COP29-da yeni heyət BƏƏ konsensusunun icra edilməsinə çalışmalıdır. Əvvəl verdiyimiz sözlər icra olunmalıdır və bu, artıq həqiqət anıdır. Biz razılığa gəlməli, reallığı qəbul etməliyik. Gələcək bütün vədlərimiz də yerinə yetirilməlidir. Bizim hərtərəfli karbon bazarları ilə bağlı araşdırmamız olmalıdır”, - deyə o əlavə edib.
***
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still deyib: “COP29 öhdəlikləri yerinə yetirmək üçün vacib alət olmalıdır”.
Onun sözlərinə görə, COP29 ambisiyalı məkan yaradır: “Burada effektiv öhdəlik olmalıdır. Bu o deməkdir ki, biz hər ölkənin üzərinə düşən öhdəliyi artırmalıyıq. Bu ilin sonuna kimi şəffaflıq hesabatımız hazır olacaq. COP tədbirlərinin nəticələri paketlər formasında olur və hər məsələ burada qeyd olunur. Bu COP-da da bizim əlavə paketimiz var. Çalışırıq ki, iqlim dəyişikliyi ilə bağlı məsələlər icra olunsun, planetimizdə hər bir şəxsə təsir etsin”.
Günel İbrahimova