Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatı oldu - Fotolar

kicik-ve-orta-biznes-evi-layihesinin-teqdimati-oldu
Oxunma sayı: 2148

“2019-cu ilin ilk 3 ayı ərzində sahibkarlıq obyektlərində 438 yoxlama keçirilib”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirinin müavini Niyazi  Səfərov bu gün keçirilən Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatında deyib. Nazir müavini bildirib ki, son dövrlərdə ciddi islahatlar aparılıb:

“Sənaye Məhəllələrində 60 rezidentə yer ayrılıb. İndiyə kimi 362 layihəyə investisiya yatırılıb. 35 mindən çox sahibkara 2,3 milyard güzəşli kredit yardımı edilib. Bu kreditlər 166 minə yaxın yeni iş yeri açılmasına imkan yaradıb. 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilə kimi dayandırılması nəticəsində ötən illərlə müqayisədə ciddi rəqəm fərqi yaranıb. Belə ki, qanunun tətbiqindən sonrakı 41 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 1083 yoxlama keçirilib. Müqayisə üçün bildirim ki, yoxlamaların dayandırılmasindan əvvəlki 41 ay ərzində 199 mindən çox yoxlama keçirilmişdi.

Cari ilin ötən dövrü ərzində sahibkarların maliyyə çıxışının təmin olunması üçün layihələrin ümumi dəyəri 148 milyon manat olan 23 sahibkara geri qaytarılan vəsaitlər hesabına 34,3 milyon manat güzəştli kredit verilib.

2016-cı ildən indiyədək tətbiq olunan investisiyalar qeyri-neft sektoruna ciddi töhfə verib. İndiyədək 362 layihəyə investisiya təşviqi sənədi verilib. Azərbaycanın 8 iqtisadi rayonunun əhatə edən bu layihələrə 3.1 milyard manata qədər investisiya yatırılması və 23.7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub”.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, kiçik və orta biznes sektorunun inkişafı müasir iqtisadiyyatın inkişafı baxımdan mühüm yer tutur: 

“KOB evlərinin yaradılması ilə biznesə göstəriləcək  xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcək. KOB evlərində sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaq. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən – “e-KOB evi” vasitəsilə həyata keçiriləcək. Əminik ki, KOB evləri ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunacaq”.

Günel Hacı

Foto: Pərvin Zeynal