“Vaxtilə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC sağlamlaşdırılanda onun toksik aktivləri “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən alınıb. Daha sonra isə həmin pulun verilməsi üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Biz toksik aktivləri balans qiymətinə uyğun almışdıq, lakin onun satışı real bazar qiymətindən aşağı satılırdı və nəticədə zərər əldə edilirdi.
“Aqrarkredit” bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, qurum bu borcları idarə etmək iqtidarında deyil. Biz də bu borcu daxili dövlət borcunun tərkibinə daxil etdik. Nəticədə daxili dövlət borcu çox görünür. AMB-dən aşağı faizlə uzunmüddətli kredit götürmüşük. Ona görə də bu öhdəliklər büdcəyə böyük problem yaratmayacaq.
Bundan başqa, dövlət qiymətli kağızlarının ümumi dəyəri 7 milyard manata çatıb. Onlar maliyyə bazarları üçün mühüm, ən yüksək investisiya alətidir. Vətəndaşlarımızı da bu alətlərə yatırım etməyə çağırırıq. Bizim daxili və xarici borcumuz hazırda ÜDM-in 23 %-indən azdır. Hesab edirəm ki, biz kifayət qədər mühafizəkar siyasət aparırıq”, - deyə nazir vurğulayıb.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər