Kikboksinq üzrə Azərbaycan çempionatının açılışı oldu - Fotolar

kikboksinq-uzre-azerbaycan-cempionatinin-acilisi-oldu
Oxunma sayı: 1593

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eyni zamanda Qurban Qurbanov, Tərlan Əhmədov, Mahir Şükürov kimi futbol ictimaiyyətinin tanınmış nümayəndələri, əməkdar məşqçi Firdovsi Umudov iştirak edib.

Yarışdan öncə iştirakçı klubların idmançılarının iştirakı ilə parad təşkil olunub və Azərbaycan himni səsləndirilib.

Daha sonra söz Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyevə verilib. O, yerli kikboksçuların, hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini bildirib. O.Əliyev Azərbaycan çempionatında fərqlənənlərin V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcəklərini vurğulayıb.

Milli Məclisin İdman Komitəsinin rəhbəri, AKF-nin fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyev isə tədbirdə iştirak edən bütün şəhid ailələrini və qaziləri salamlayaraq, qələbənin qazanılmasında rolu olanlara təşəkkürünü bildirib.

Mərasimdən öncə 44 günlük Vətən müharibəsinin şəhidləri -  Muxtar Qasımlı, Şıxamir Qaflanov, Kərəm Veyisov, Pərvin Əlizadə və Xudayar Yusifzadənin ailə üzvləri plaketlərlə təltif olunub.

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 22-də yekun vurulacaq. “Low kick” və “Full Contact” versiyaları üzrə keçirilən yarışın qalibləri Azərbaycanı avqustda Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcəklər.