“Kim daha çox səhv edəcəksə, itirəcək” - Modriç

kim-daha-cox-sehv-edecekse-itirecek
Oxunma sayı: 947

Bu gün UEFA Çempionlar Liqasının ¼ final mərhələsində “Yuventus”un qonağı olacaq “Real”ın yarımmüdafiəçisi Luka Modriç jurnalistlər önündə çıxış edib. “Qafqazinfo” xəbər verir ki, xorvat ulduz əvvəlcə son zamanlar çox müzakirə olunan Qaret Beyl, yoxsa İsko sualına cavab verib. 

O, bu iki oyunçu arasında fərq qoymadığını bildirib: “Qaret və ya İskonun oynamasının heç bir fərqi yoxdur. Hər ikisi komandamıza kömək edir. Biz komandayıq və birlikdə sona kimi mübarizə aparmalıyıq. Bunu elə cari mövsümdə göstərə bildik. Bir neçə ildir ki, birlikdə çıxış edirik və meydana çıxırıq. Vacib olan komanda şəklində oynamağı bacarmaqdır. Biz baş məşqçinin qərarlarına baxırıq. Bilmirəm ki, İsko oynayacaq, yoxsa oynamayacaq. Amma o, möhtəşəm futbolçudur və komandamız üçün vacibdir. Beyl də özünü burada xoşbəxt hiss edir və məşqlərdə də bunu göstərir. Sadəcə ona zədələrlə bağlı problemlər çətinlik yaratdı. Meydana çıxır və qollarını vurur. Hamımız ondan nə gözləyəcəyimizi bilirik. Çünki onun çox yaxşı fiziki durumu var”.

Modriç yarımfinala adlayacaqlarına inandığını deyib: “Yarımfinala adlayacağımıza inanıram. Kriştianu Ronaldo da son zamanlar əla formadadır. Son oyunlarda neçə qol vurduğunu xatırlamıram. Bizim üçün vacibdir və Ronaldo ilə oynayan komandanın şansları artır. Hər iki komanda eyni gücdədir. Bu oyunda kim daha çox səhv edəcəksə, itirəcək”.