Avtobus sürücüsü ilə əlil gəncin problemi hələ də danışılır. Adamlar hər iki tərəfi qınayır. Bircə bunu bilmək lazımdı ki, əlillikdən heç kim sığortalanmayıb. Heç o avtobus sürücüsü də. Və həmin vaxt avtobusda olmuş sərnişinlər də...
***
Razi ilə Məleykənin yaşı altmışı haqlasa da məhəbbət dastanları hələ də danışılır. Bir-birini sevərək evlənibmişlər. Sonradan Məleykənin atası xəbər tutub ki, Razinin sağ ayağında şikəstlik var, axsayır. Gedib qızının əlindən tutub gətirib evə. Boşatdırıb onları. İkisi də beləcə bədbəxt olub. Tək tənha qocalırlar indi...
O vaxt rayon qəzetində hadisə ilə bağlı “Kimdir şikəst” adlı məqalə dərc olunub. Məqalə müəllifinin gəldiyi qənaətə görə, Məleykənin atası Həmidin başı işləmirmiş, nəinki Razinin ayağı…
***
Uzaq qohumumdu Sədi. Bu yaxınlarda şəhərdə görüşdük. Düşdüyü avtomobil qəzasından sonra ayağında problem yaranmışdı. Əsa ilə yeriyirdi. Baxışı ilə naxışlı əsanı göstərib, “Bu, müdirimdən daha etibarlı çıxdı” deyərkən istehzası gözlərinin dərinliyində qeybə çəkildi…
İşinin mütəxəssisi olan bir adama dəstək olmaq, onun biliyindən bəhrələnmək əvəzinə çıxarıb atırlar bayıra. Sədi indi bilmir, dava-dərmanını nə ilə alsın, ailəsini necə dolandırsın. Üstəlik, evdə lap darıxır. “Darıxmaqdan yorulmuşam” deyir…
Sağollaşarkən sağlamlığımdan muğayat olmağımı tapşırdı. Bu, sadəcə bir tapşırıq deyildi, zəmanə insanlarının inamsızlığının yaratdığı qənaət idi həm də…
Ağıldan şikəstlərin də at oynatdığı bir toplumda insan kapitalına bundan artıq dəyər verilə bilməz…
***
Stalin hərbi dəniz komissarının müavini admiral İsakova zəng vuraraq bildirir ki, onu hərbi dəniz donanmasının qərargah rəisi təyin etmək istəyir. Admiral bu təklifə görə rəhbərə minnətdarlığını bildirir və deyir:
- Yoldaş Stalin, mən həmişə sizin əmrinizi yerinə yetirməyə hazıram. Mənim bir ayağımı cərrahlar kəsib. Ona görə də mən bu vəzifədən imtina etmək məcburiyyətindəyəm.
- Siz elə buna görə narahatsınız?
- Bəli.
- Yoldaş admiral, əvvəlki qərargah rəisinin başı yox idi, amma işləyirdi. Sizin isə cəmisi bir ayağınız yoxdur. Deməli, işləyəcəksiniz.
Son xəbərlər
Son Xəbərlər