Son günlərdə baş verən hadisələr göstərdi ki, ölkədə vəziyyət heç də AzTV-də göstərildiyi kimi deyil.
Artıq ölmək yaşamaqdan şirin gəlir adamlara. Bu şirinliyi insanlara daddıransa regionlarda və paytaxtın rayonlarındakı bəzi məmurlardır.
Bilirik ki, ordumuz az qala müharibəyə hazır vəziyyətə gətirilib, hər şey ola bilər, ancaq media özünü yandıran, intihar edən insanlarla məşğuldur və onlardan biri də Qarabağ əlili idi.
Əvvəllər hiss etmirdim, ancaq son aylarda artıq hər addımda insanların bezginləşdiyini, duymamaq, gileylənməsini eşitməmək olmur.
Əgər adamlar canına qıyırlarsa, deməli, təkcə özünə yox, başqasına əl qaldıracaq yüzlərlə insan yetişib.
Gənc bir yazıçı kimi bütün bunları görməzdən gələ bilmirəm, bütün bu cür hallar, insan taleyinə biganəlik artıq insanı bezdirir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin regionlarındakı şöbələrinin bəzi nümayəndələri xalqı bezdirib, yeni nazir Səlim Müslümov gözgörəsi müsbət işlər gördü, ancaq yenə də vətəndaşları aylarla qəbul etmirlər, pul istəyirlər. Nazir regionlara gedib vətəndaşları qəbul edir, ancaq regionlardakı bəzi məmurlar öz yerli vətəndaşlarının problemləri ilə maraqlanmırlar, onları öz otaqlarının həndəvərinə də buraxmırlar. Bu region məmurlarının vaxtı nazirin vaxtından qiymətlidir?
Bu ölkədə az qala hamının daydayısı var. Kimi dindirirsən filankəs mənim qohumumdur, dostumdur, qudamdır, tanışımdır, atamla bir yerdə işləyib deyibən hamı-hamıya xox gəlir. Məncə, yuxarılar tərəfindən bu işlərəə əncam çəkilsə, yaxşı olar, hamının güvənəcəyi və qorxacağı bir yer olmalıdır.
Mən regionlarda bu cür işlər görən, insanları bezdirən bəzi məmurları daxili düşmənlər adlandırıram. Fikrimi də belə izah edirəm: Bir Qarabağ əlili özünü yandırır, prezident humanist addım atıb onun ailəsinə kömək edir, bu məsələlərdən sarsıldığı bildirilir, ancaq bütün bunlardan nəticə çıxarmaq əvəzinə regionlarda bəzi məmurlar vətəndaşları pisikdirməkdə davam edir, başqa bir insan özünü yandırır.
Bu gün regionlardakı məmurlarla söhbət etmək olmur, təkəbbürləri sirkə kimi tünddür, danışanda adamın üzünə də baxmırlar. Niyə?
Yaxud nəqliyyat müfəttişləri taksi sürücülərini yolda döyüb pul tələb edirlər. Niyə?
Bu cür olaylar vətəndaşları ölkəsi üçün canını qurban verməkdən çəkindirir.
Belə davam eləsə xeyli pis hadisələr gözləyir bizi, əgər belə olacaqsa aşkar desinlər bizə biz də gedib rahatca özümüzü yandıraq.
Son xəbərlər
Son Xəbərlər