Çox qəribə xasiyyətimiz var. Bir-birinin ardınca hər gün bir avaz çağırırıq. Bir gün qol götürüb oynayırıq, o biri gün dəsmal götürüb ağlayırıq, sonra işğalçının ata-babasını söyüb başa çatmamış bir başqa hal-əhvala düşürük.
Bizim vəziyyətimiz tez-tez dəyişən Bakı havasından da betərdi. O gün Gəncədə həqiqi hadisə oldu. Hadisə gəldi, camaata konsert verdi. Pulunu kim verdi? Biri müftə oxudu dedi, o biri dedi 300 min pulunu alıb ifa etdi.
Dünənsə, Şuşanın işğalından 22 il keçdi, biri bildi, biri bilmədi. “Mayda toy etməzlər” tilsimini qırıb kimi toyunu çaldırdı, atəşfəşanlığını etdi. Mirşahin 2000-ci ildə Şuşayla bağlı qurduğu “məhkəmə”çəkilişini yenə işə saldı. Bir kanal deyib güldü. Lap Aztv –nin özü Şuşanı unutdu. Bəziləri erməninin şadyanalığını kölgədə qoydu, günü kef məclisi ilə başa vurdu.
Bu gün isə Qələbə günüdür. Bu bayrama layiq olanların demək olar ki, çoxu torpaq altındadırlar. Bayram kimin üçündür? Bizlər üçün, bu gün tək istirahət günüdü. Həmin qələbənin dadı bizə çatan deyil. Bundan o yanası yoxdu. “Şuşam” deyib ağlamaqdan burnunu çəkənlər, necə bir gecədə səhərini bayrama çevirə bilər? Deməz ki, “kül başıma qələbədən dəm vururam, rusun torpağında can qoyanıma bayram edirəm”. Bəlkə biz hələ bilmirik ki, rus bizə bir “qələbə” borcludu? Vəfa müəllim Quluzadə demiş, “bizim qalibiyyətimiz rusun barmaqları arasındadı”.
Lap “Qələbə bayram”ında köhnə qalibiyyətin hesabaına bayram keçirdik, növbəti gün bizi nə gözləyir? Həmin gün böyük gündür. Çünki o gündə Hacıbala müəllimin bir ayda çəkdiyi əziyyətinin nümayişini görəcəyik. Yekə kişilər nağıl qəhrəmanlarının güllə bəzədilmiş heykəllərinə tamaşa etməkdən, güya zövq alacaqlar. Hacıbala müəllim özü ilə fəxr edəcək.
Başımıza gül yağacaq, gül içində itib-batacağıq. Bu qədər gülün pulunu qatlamaq çətin olacaq, amma cibə qoyulacaq. O tonlarla gül puluna nələr etmək olar?
Nələr etmək olmaz ki? Təkcə neçə-neçə ağır xəstəni qurtarmaq, yuxusuz gecəsini, həyatını gülüstana çevirmək olar. Çox heyfim gəlir, çox. Pullara da, güllərə də.
Gülü kim sevməz ki? Kim gül olmaq istəməz ki?
Kim ürəkdən gülməyi bilməz ki? Kim başına kül yox, gül ələnməsini arzulamaz ki?....
Arzular yenə gül-çiçək arasında itib-batacaq, çoxu şəkil çəkdirməklə hirsini soyudacaq, ya da heç vecinə olmayacaq.
Məni kimisi nə qədər deyinsə də, gül kimi bayram da beləcə bitəcək..Vəssalam.
Son xəbərlər
Son Xəbərlər