Kimlər isti aylarda seçki kampaniyasına hazırdır?

kimler-isti-aylarda-secki-kampaniyasina-hazirdir
Oxunma sayı: 2995

Mayın 31-i yaz sessiyasının sonuncu iclasında Milli Məclis növbədənkənar xüsusi sessiyasının çağırıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, seçkilərin erkən keçirilməsi ilə bağlı ictimaiyyətdə gəzən fikirləri MSK sədri Məzahir Pənahov da təsdiqlədikdən sonra seçkilərin avqust və ya sentyabrda baş tutması ehtimalları artmaqdadır.

Bəs siyasi partiyalar qızmar yay fəslində seçki kampaniyasına hazırdırmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, seçki günü hətta sentyabrın sonlarına da təyin edilsə, seçki kampaniyası isti vaxtlara düşəcək: “Çünki sentyabr da isti aydır. İsti yay aylarında seçki keçirilməsinin müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, qızmar yay aylarında insanlar tətildə olur, istirahətə gedənlər olur, yaşayış yerini dəyişənlərin sayı çoxalır. Müsbət tərəfi isə odur ki, gün uzun olur, qar-çovğun olmur, insanlar evlərinə qapılmırlar, binaların həyətlərində olurlar, onlarla açıq havada ünsiyyətə girmək, imza toplamaq daha asan olur. Biz hər fəsildə seçkiyə hazırıq. Kifayət qədər seçki təcrübəmiz var”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Cebhe.info-ya açıqlamasında deyib ki, seçkidə namizədliyini irəli sürəcək.  O, namizədliyini hansı dairədən irəli sürəcəyini də söyləyib: “Hər zaman olduğu kimi, yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. Seçkilərdə neçə nəfərlə mübarizə aparacağımızla bağlı partiya daxilində müzakirə gedir. Parlament seçkiləri elan olunduqdan sonra fikrimizi dəqiqləşdirəcəyik. Seçkilərdə seçicilərin namizədlərimizə göstərəcəyi etimaddan çox şey asılı olacaq. Əlbəttə ki, Ana Vətən Partiyası da hər bir partiya kimi Milli Məclisdə daha çox deputatla təmsil olunmaq istəyir. Lakin bu, bizim iradəmizdən və istəyimizdən asılı deyil. Son sözü seçicilər deyəcək”.

AMİP-in qurucu lideri Etibar Məmmədov isə Moderator.az-a deyib ki, ümumiyyətlə, Azərbaycandakı seçkili orqanların ciddiyyətini artırmağa ehtiyac  var: “Fikrimcə, artıq bu parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir. Və hesab edirəm ki, vaxtından əvvəl parlament seçkilərinin olması üçün də yenidən parlament özünü buraxmalıdır. Bir də deputatlar elan etməlidirlər ki, biz yararsızıq və növbədənkənar seçkilər keçirməyə ehtiyac var”.