Tanınmış aktyor Valeh Əhmədovun həm ssenari müəllifi, həm də rejissoru olduğu “Kişi ol” filminin afişası tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, istər ekran işinin adı, istərsə də, posterdə qeyd olunan sərlövhə sosial şəbəkə istifadəçilərinin hədəfində olub.
Hesab olunur ki, kinoda qadın potensialını düzgün qiymətləndirməmək, cəmiyyəti cinsi əlamətlərə görə parçalamaq, kişilərin rolunu şişirtmək kimi yollara əl atılıb və bunlar yayılan afişada əks olunub. Həmçinin sosial şəbəkələrdə “Əsl kişilərin və kişi qırıqlarının hekayəsi” fikrinə satira ilə yanaşılıb.

“Qafqazinfo” mövzu ilə bağlı Valeh Əhmədovla əlaqə saxlayıb. Rejissor ilk işinin adı və sərlövhəsini tənqid edənlərə cavab verib:
“Filmin adını “Kişi ol” ona görə qoyduq ki, asan yeyilsin. Məhəllədə, gündəlik yaşam tərzimizdə dilimizdən düşməyən sözdür. Bu film çox uğurlu olsa, ikinci versiyası - “Qadın ol”u çəkəcəyik! İndi isə “Kişi ol”un posterində “Əsl kişilərin və kişi qırıqlarının hekayəsi” fikrinə aydınlıq gətirim. Filmin bütün mövzusunu tam sizə danışa bilməyəcəm. Amma müasir dövrdə yerli mətbuatda xəbərlərə rast gəlirik ki, filankəs qardaşının xanımına göz dikdi, xalası oğlunun arvadı ilə qaçdı və s. Bunun kimi neqativ hallarla üzləşirik.
Bundan əlavə, sosial şəbəkələrdə elələri var ki, insanları qıcıqlandırırlar. Amma real həyatda tamam fərqli bir xarakterdə göründüklərinin şahidi oluruq. Bu mövzuya da toxunduq, iki aktual problemin üzərinə getməyə çalışdıq. Biz bu cür insanlara tənqidi yanaşırıq. Həmçinin ekran işinin qəhrəmanı jurnalistdir və öz vicdanı ilə çalışan biridir. Afişada əsas sima Mübariz, arxasında isə müxtəlif xarakterlərdə olan insanlar cəmləşib. Yenə deyirəm, “Kişi ol” kişilərin daha çox qabardılması kimi qoyulmayıb, sadəcə olaraq dilə daha rahat yatdığı üçün istifadə olunub”.
Qeyd edək ki, filmdə Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir və başqaları rol alıb.




Son xəbərlər
Son Xəbərlər