Kafedə tanış olduq onunla. Adam çox olduğundan boş yer tapmadı. İcazə alıb yanımızda əyləşdi. Bir dönər sifariş etdi, bir ayran. Çox yorğundu. Bu cür gənc və gözəl bir xanıma yorğunluq əsla yaraşmırdı... Ucuz, dəbə uymayan üst-başı, köhnə telefonu zəhmətin ağır iztirabının nişanəsiydi.
Sifarişi hazır olana kimi çantasından bir kitab çıxardı. 11-ci sinifin tarix dərsliyi idi...
Xalam qızı ilə bir-birimizə baxdıq. Təxminlərimiz üst-üstə düşmüşdü...
Sonra qız, bizimlə söhbətə başladı. Şəhər həyatının ona görə olmadığını dedi. Bıçaq kimi iti tamahlı kişilərdən gileyləndi: “İş istəyirsən, başqa iş təklif edirlər. Nə qədər iyrənc adamlar var! Halal zəhmətlə dolanmaq istəyənlərin varlığına inanmırlar...”
Gənc və gözəl bu xanım ucqar bir rayondan gəlib. İki il ardıcıl imtahan versə də tələbə ola bilməyib. Anası və üç məktəbli bacısının maddi güzəranının ağırlığı onu Bakıda qalıb işləməyə vadar edib. Hər cür ağır işdə çalışıb. Evlərdə təmizlik işləri edib, xəstəyə baxıb. İndi də bir məktəbli uşağı dərsə aparıb-gətirir. Aldığı 350 manat məvacibin 70 manatını kirayəyə, az bir hissəsini yemək-geyməyə xərcləyir, qalanını isə evlərinə göndərir. Eyni zamanda universitetə hazırlaşır. İnanır ki, əziyyəti hədər getməyəcək, ali məktəbə qəbul olacaq. Sonra ali təhsil alıb yaxşı işlərdə işləyəcək. Ailəsini əzabdan xilas edəcək. Bacılarını oxudacaq...
Arzuları mənim bir zamankı arzularımla identik idi. Təxminən mən də o cür düşünürdüm. Oxudum. Ali təhsil aldım. Amma işləyə bilmədim. Rüşvət üçün pulum olmadı... Çoxunun yuxarıdan aşağı baxdığı, kasıb zümrə kimi yanaşdığı müəllimlik peşəsi mənimçün əlçatmaz olaraq qaldı...
***
Adını bilmədiyim həmin gənc xanım sağollaşıb tarixini oxuya-oxuya getdi. “Kaş, arzusuna çataydı” dedim öz-özümə. “Yeni arzular doğaydı qəlbində”-düşündüm ardından...
Son günlər zəhmətkeş gənc xanımlarla çox rastlaşıram. Zəhmətlə dolanmaq gənc xanımlara baha başa gəlir. İçində Nexlyudov, Lester Keyn, Drue, Herstvud gizlənməyən kişilər azdı. Hər qadın da Katerina Maslova, Cenni Herhardt, Kerri ola bilmir axı...
Kişilik tək fizioloji anlayış deyil, həm də xarakterlə assosiasiya olunur...
Son xəbərlər
Son Xəbərlər