“Kişinin anası-bacısı təmiz olmalıdır”- - Xatun

kisinin-anasi-bacisi-temiz-olmalidir-
Oxunma sayı: 5961


- Artıq yaydır. Yay tətilini necə keçirməyi düşünürsüz?

- Hər kəs istirahət etmək istəyir.  Arzu edirəm ki, pulları olsun hamı istirahət etsin. Mən də Bakıdan uzaqlaşacam.  İnsan səmtini  dəyişdikcə ruhu, beyni təzələnir. İnşallah yay mövsümündə bir mahnı nəzərdə tutmuşam, qalan işlərimi  payızda davam etdirəcəm. İstəyirəm çoxlu mahnım olsun.

- Kimlərlə işbirlikləriniz var?

- Hakan Leyli cütlüyündən mahnı götürmüşəm, maşında qulaq asıram. Qonorar  məni qane etmir, mahnı çox bahadır. Ona görə  başqa bəstəkarlarla da əlaqə saxlayıram. Murad Arifdən, Nadir Nəğdpul, Azər Nəsibovdan yeni  mahnılar ala bilərəm.

- Konsert haqqında düşünmürsünüz?

- Konsert haqda səhnəyə gəldiyim gündən düşünmüşəm. Sadəcə maddi problemlərə görə konsert vermirdim. Keçən ay Nuri Sərinləndiricinin konsertində iştirak etdim, çox bəyəndim. Konsertin təşkilatçısı və aparıcısı bacım Lamiyə idi. Orada mənə istək gəldi ki, konsert verməliyəm.  Lamiyə dedi sənin hitlərində var, konsert etməyə potensialın da var, iki ay reklamını etsək konsert verə bilərsən. Amma pul lazımdır. Söz verirəm ki, konsertim maraqlı olacaq, səmimi insanam danışıb güləcəm, söhbət edəcəm, hər şey əla olacaq.  Ən böyük arzum konsert verməkdir.

- Sponsor olsa, pul probleminiz həll olar.

- Normal sponsor olsa, sevinərəm. Bu  mənə Allah tərəfindən böyük mükafat olar. 

- Geyim seçərkən nələrə diqqət edirsiniz?

- Geyim rahat olmalıdır, libası təqdim etməkdən də çox şey asılıdır. Narahat geyim mənlik deyil. Geyimin üstünlüyü qüsurlarını gizlədə bilməyidir. Əvvəllər efiri, kameraları bilmirdim. Ona görə bunlara riayət etmirdim. Elə geyim var, həyatda gözəl görünür, efirdə isə bərbad görünür. Ona görə seçim önəmlidir.

- Ən bahalı geyiminiz neçəyə olub?

- Mənim o qədər çox pulum yoxdur ki, hər gün  brend geyinim. Beş minlik də, 50 manatlıq da geyimim olub.  Yalan danışa bilmərəm. Geyim məni bəzəmir. Mən geyindiyim geyimdən üstün bir xanımam.

- Bu gün aksesuardan çox istifadə etmisin. Aksesuarları sevirsiniz?

- Hər qadın kimi aksesuarı sevirəm. Qızıl və brilliantı daha çox sevirəm. Mənə deyirlər ki, hər imici daşıya bilirsən. Aksesuarı da düzgün seçmək lazımdır. Axırıncı klipimdə aksesuardan çox istifadə etmişəm. Dünyanın məşhur ifaçılarının kliplərinə baxdım, özümə yaraşanlarını seçdim. 

- Verilişlərin birində burun əməliyyatı etdirmək istədiyinizi bildirmisiniz.

- Mənim üzümdə əməliyyat yoxdur. Sadəcə müğənniləri balaca eyni formada burunda görməyə öyrəşiblər. Hərdən əməliyyat etdirmək istəyirəm. Qaşıma. üzümə diqqət edən qadınam. Gecə yorğun gəlsəm də, gözaltı kremimi çəkməmiş, dişimi yumamış yatmaram.  Təbiiliyin tərəfdarıyam. Peşəkar həkimlər deyib ki, əməliyyat edək. Amma mənim eybəcər burnum yoxdur. Qorxuram.   Sevilmək üçün burun kəsdirməyə ehtiyac yoxdur. Səmimi olmalısan, gözəl mahnılar oxumalısan . Bu kifayətdir.  Sibel Can  çox təbii qadındır,  məni ona oxşadırlar.

- Özünüzü cazibədar qadın hesab edirsiniz?

- Hərdən çox gözəl, hərdən çox eybəcər oluram. Lakin özümü çirkin qadın hesab etmirəm. Bilirəm ki, çox cazibədar xanımam, məndə xüsusi şarm var. Bir məclisə girəndə hamı mənə baxır. Amma açıq-saçıq geyimlər geyib, vulqar görünmürəm.  Sümüklü qadınlar efirdə daha kök görünür.  Qadınlarda da, kişilərdə də qarnı sevmirəm. Qarın ən gözəl insanı da mənim gözümdən sala bilər.

- Oğlunuzu efirlərdən uzaq tutursunuz. Ana-oğul münasibətləriniz necədir?

- Oğlumun 17 yaşı var, universitetə hazırlaşır. Allah imtahanda ona zehin açıqlığı versin. Neft  Akademiyasında təhsil almaq istəyir. Allaha daim yalvarıram ki, şansı bol olsun övladımın, pis insanlar qabağına çıxmasın. Münasibətlərimiz çox yaxşıdır. Mən də özümü oğul anası kimi aparıram, geyimlərimə fikir verirəm.

- Bəs özünüzü necə qayınana təsəvvür edirsiniz?

- Çox zəhmli  insanam, nə qədər deyib-gülsəm də o qədər də tələbkaram.  Gəlinim təmizkar olmalıdır. Bir deyim var, deyir qapında itdə saxlasan göyçəyini saxla. Gözəl olmalıdır. Bir oğlum var, onun ayrı yaşamasını istəyirəm. Lakin bəzi şeylərə özüm nəzarət edəcəm. O qızı mən  də bəyənməliyəm. Oğlum gəlib desə ki, bu qızı alıram, gedib qızla görüşəcəm, baxışlarına, davranışına fikir verəcəm. Bəyənməsəm almayacam. İstəyirəm gəlinim məni çox istəsin, qızım yoxdur, qız olsun mənə. Həyasız olmasın, cavab  qaytarmasın,  hər şeyə həvəsli olsun. Onu başa düşsün ki, mən onun anasıyam.  

- Xatun özü necə gəlin olub?

- 17 yaşımda ailə qurmuşam. Çox səhvlər etmişəm.  Öz səhvlərimi gəlinlərə danışıb deyirəm ki, siz  etməyin. Sən yoldaşını sevirsənsə, anasını da sevməlisən. Elə şərait yaratmalısan ki, oğlan ikinizin arasında qalmasın. Anasını oğlunun gözündən salmamalısan. 

- Yenidən ailə qurmaq istəmirsiniz?

- Bu il mənim yaşıdım Sevda Ələkbərzadə ailə qurdu. Xoşbəxt, oğullu-qızlı olsun. Mənim taylarım indi ərə gedir. Keçmiş həyat yoldaşımla dostuq, münasibətimiz var. Oğlumun atası da, anası da yanındadır. Sabah  övladımın toyu olanda atası da, mən də orda olacam. Özümü ailəli kimi hiss edirəm. Oğlum yanımda atasından başqa kişi görməyib. Analara məsləhət görürəm ki, bir il tanıdığınız kişi ilə övladlarınızı tanış etməyin.  Qızı olan analar xüsusilə diqqətli olmalıdır. Övladlarını ehtiras qurbanı etməsinlər, övladlarını münasibətdə olduqları kişidən uzaq tutsunlar, deməsinlər bu sənin atandır. Heç bir kişi uşağı olan qadına çörək vermək istəmir. Kişi sevdiyi qadının yanındadır, onu makiyajla, geyimlə, yeməklə, övladla yanında saxlamaq mümkün deyil.

- Xatun necə bir kişi ilə ailə qurar?

- Kişinin qanı təmiz olmalıdır, qeyrəti olmalıdır. Anası-bacısı təmiz olmalıdır. Sənə yiyə durmalıdır. Bilməlisən ki, arxanda kişi var. Bu gün qadın maşında sürür, şalvar da geyinir, pul da qazanır, kişidən də çox pul qazanır. Lakin qadın kişiyə olan sevgisinin qarşısında acizdir. Qadın kişiyə tabe olmalıdır. Deyirlər ki, kişi kimi qadınam. Kişi kimi qadın olmur, qadın qadındır. Kişinin yanında özünü qadın kimi hiss etməlisən.  Kişi qadına qarşı diqqətli olmalıdır. 

Könül