Ya torpağın altındadır, ya qürbətdə, ya da başqa bir qadının qucağında... Əgər birdəfəlik gedibsə, harda olmasının fərqi yoxdu...
Özündən sonra həyat yoldaşına bir adı da o verər: DUL! Cəhalətlə uğraşan adamlar kişisiz evin qadını haqda belə bir söz də işlədər: “Yeridiyi yol özünə düşməndi...”
Baltası, kəlbətini, çəkici pas atar kişisiz evin. Qapıları bağlı qalar. Kişi qüvvəsinə ehtiyac yarandımı, qonşuya üz tutmaq ağlından belə keçməz kişisiz evin qadınının. Gözəldirsə, qonşu qadınların işi lap çətinləşər-qısqanclıq qurd kimi yeyər içlərini. Yox, feminizm deyil bu-bir az da kişi olmağı öyrənər ərsiz qadınlar. Evdə sınan, xarab olan ev əşyasını, məişət cihazını özləri təmir edər. Kənd yeridirsə, mal-heyvan saxlayar, əkin-biçinlə məşğul olarlar. Qapısında quyu qazanı, hörgü işi görəni də var hələ. Gözlərimlə görmüşəm...
Balalarını böyütmək, həm də qəlbi sınıq böyütməmək üçün çalışarlar. Bütün bunların fonunda başqa bir missiyaları da olar: təmiz adlarını qorumaq! Adını qorumaq, yad baxışlardan qorunmaq kişisiz evin qadını üçün bir növ “gold card”dır: gələcəkdə balaları alnıaçıq, üzüağ gəzməli; özü cəmiyyətdən çıxdaş edilməməlidir.
Qapısını qardaşı belə döysə, qonum-qonşu maraqla baxar. Addımını güdərlər. Ərsizlik onu daim təqib edər. “Yarımadığı” üçün gəlin köçən qızlardan uzaq tutarlar. Həyatında “kişi” adlı bir boşluq olar daim... Nisgil adlı ağır bir yükü daşıyar ürəyi. Yorulmadan, təkbaşına...
Süfrəsinin yuxarı başındakı yer qazılmış məzar kimi öz sahibini gözləyər; bir yataq üzü az olar yuyub-ütülədiyi paltarlar arasında, bir dəst kişi paltarı əskik... Bir kişilik nəfəsə həsrət qalar evinin divarları, yatağı. Üşüyər...
Bir də yatağındakı tək balış...
Eh... Nəyi qoyub, nəyi axtarırıq? Onun qadınlıq hisslərini gəl, bir də qonşusu hansısa Fatma qarıya anlat... Qarın-qarın uşaqlar doğmuş, əri ilə bir ömürü sarmaş-dolaş qocaltmış hansısa Fatma qarı üçün kişisiz evin qadını sadəcə, yeridiyi yol özünə düşmən olan duldur... “Protokol qaydaları”na uyğun ömür sürən dul...
Son xəbərlər
Son Xəbərlər