Yox, müəllif demədi ki, bu kitabdan nəsə yaz. Sadəcə, ürəyimdən keçdi, həm də yazmaya bilməzdim. Ona görə ki, kitab məni tutdu. Mən tənqidçi deyiləm, sadəcə öz təəssüratlarımı bölüşməyi bacarıram.
Elbrus Ərudun “Anne annem” kitabının ön sözündə bu sözlər yazılıb: “Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab mətbuat sahəsində çalışanlara, xüsusilə jurnalistika fakültəsinin tələbələrinə tövsiyyə olunur”. Doğrusu, bu söz əvvəlcə məni çaşdırdı. Oxudum və düşündüm ki, axı burda jurnalistika fakültəsinin tələbələri üçün dərs vəsaitlik nə var ki? Amma kitabın dərinliyinə daxil olduqca anladım ki, burda jurnalistikanın klassik, həm də yeni ”üslub və keçidlər”indən istifadə olunub. Bundan başqa, kitabdakı köşə yazıları 2-3 ildə baş verənləri əhatə etməklə, gələcək nəslin təsəvvüründə bu dövrün tarixinə dair geniş anlayış yarada bilər. Eynilə “Əli və Nino” kitabında olduğu kimi. Həmin kitab elə yazılıb ki, o illər Bakıda baş verən tarixi hadisələri, eləcə də adamların nə düşündüyünü bilmək olur.
Elbrus Ərud kitabı özünün mərhum nənəsi ilə bağlı xatirələrlə başlayıb. Əslində, qəzetçilikdə, eləcə də televizyonçuluqda belə materialları buraxılışın sonuna saxlayırlar. Müəllif isə şəxsi məsələni əvvələ salıb. Əlbəttə, indi tam sərbəstlikdir, şəxsi məsələni əvvəldə də, ortada da, sonda da yerləşdirmək olar. Amma yox. Bu məsələyə hissiyat gözü və düşünmə tərzinin dərinliyi ilə baxılmalıdır. Müəllif nənəsi ilə bağlı xatirələri ona görə birinci yerləşdirib ki, bu həm ağırtonnajlı kitaba girişi asanlaşdırır, həm də ilahi məsələnin birinci verilməsi ilə saflıq ifadə edilir. Ağırtonnajlı məsələsini təsadüfən qabartmadım. Çünki kitabda dövrümüzü əhatə edən ağır problemlər öz əksini tapdığından, oxucunu ona hazırlaşdırmaq lazım gəlir. Beləliklə, müəllif öz nənəsindən yazır. Sonda onun vəfatını da dilə gətirir. Onun mərhum nənəsi ilə bağlı yazısını dəfələrlə oxudum. Çünki səmimilik, doğmalıq, ülfət gördüm o yazıda. Elə bu cümlə o səmimiliyi göstərir: “Bizim onun başına toplaşmağımız soyuqdan donan adamların ocaq ətrafında bir-birinə qısılıb qızınmasına oxşayırdı”. Nənənin timsalında kənddə baş verən hadisələr, sadə adamlar öz əksini tapır. Yazının sonunda isə onun necə ölməsini, bundan yaranan narahatlığı qələmə alan müəllif əslində nə demək istəyib? Bir nənənin vəfatı faciə deyil. Ölüm haqdır və gündə minlərlə insan ölümü baş verir. Burada söhbət müqəddəslikdən gedir. Nənə - əslində canlı ensiklopediya deməkdir. Nənə nəslin, həm də kökümüzün tarixi deməkdir. Nənənin vəfatı həm də cəmiyyətdə mənəvi aşınma baş verən bir zəmanədə saflığın itirilməsi deməkdir. Müəllifin həmin yazıdakı bəzi cümlələri əvvəlcə sual doğursa da, sonradan o suala cavab tapılır. Belə çaşdığım cümlələrdən biri belədir: “Babam sağ olanda kəndin tüpürcəyindən qorxub aradabir yolumuzu kəndə salar, qocalara baş çəkərdik”. Cümlə əvvəlcə oxucuya çatmır, sonra incə yolla yozması verilir. Burada o tüpürcəkdən qorxulur ki, adam yaxınlarına baş çəkməyəndə sakinlər üzdə olmasa da, daxillərində tüpürürlər adama. Əslində, yazını maskirovka etməklə də yazmaq olardı. Məsələn, yazmaq olardı ki, “biz nəvələr hər ay nənəmizə baş çəkər, onun qayğısına qalar, dünyanın bütün nazü-nemətləri ilə əhatə edərdik”. Axı əksəriyyətimiz maskirovkalı yazılar verməklə oxucunu itirməməyə çalışır, özümüzü onun gözündə qaldırmaq istəyirik. Müəllif isə açıq-aydın etiraf edir ki, nənəyə baş çəkmək əksər vaxtlarda alınmırdı. Bax, hu detal kitabı oxucunun gözündə səmimiləşdirir, doğmalıq yaradır. Yazının sonundakı cümlə buna işarədir: “Və nənəmin bizdən daha çox doğru çıxan yuxularından utanıb, onu növbəti cümə axşamı Gülgəzin yerinə aparacağıma and içdim”. Bir nənənin ölümü apardı o saflığı: “Nənəmi dəfn etdik, kəndimizin bərəkəti bir az da azaldı”.
Bir məsələni də vurğulayım ki, kitab sənədli məqalələr silsiləsi adlansa da, əslində bədii sözlərlə zənginliyinə görə seçilmiş hekayələr də adlandırmaq olar.
Kitabın jurnalistika fakültəsinin tələbələrinə tövsiyyə olunmasına dair daha bir yazı. Söhbət “Üzütüpürcəklilər” yazısından gedir. Jurnalistika fakültəsinin tələbələri, burada mövzudan mövzuya keçidə diqqətlə fikir verin. Hərçənd, bu keçiddən Azərbaycan jurnalistikasında çox da istifadə edilmir. Düzdür, klaasik jurnalistikada mövcuddur, amma çoxdan unudulub. Müəllif belə keçid etməklə bir yazıda iki müxtəlif taleni göstərir. Bu yazıda “Avroviziya” mahnı yarışmasının qalibi Nigar Camaldan söhbət gedir. Nigar Camal sifətini 1,5 milyona sığortalayıb. Amma digər tərəfdə Azərbaycan Milli Ordusunun əsgəri Eldarın sifəti çürüyür. İki təzadın birləşməsi. Özü də Nigar Camalın duet ortağının da adı Eldar idi. Bax, hörmətli fakültə tələbələri, burada unikal keçid edilir. Nigarın camalının qorunması ilə, əsgər Eldarın sifətinin çürüməsini bir araya gətirmək uzun illərin peşəkarlığından irəli gəlir. Burada müəllif özünə əziyyət verməyib sifəti çürüyən Eldarın taleyini, onun ətrafında baş verən hadisələri yazardı, vəssalam. Amma üslubun işlənməsi, xoşbəxtlikdən bədbəxtliyə keçid edilməsi yaddaşda daha çox qalır və unudulmur. Həm də bununla jurnalistikaya töhvə verilir.
“Xəzinə reklamı” yazısında isə bir kişinin kafedəki masalar arasında dolaşıb kitab satmaq istəməsindən söz açılır. Kitabsatan gileylənir ki, heç kim oxumaq istəmir. İndiki dövrdə adamların kitab oxumamasını müəllif bir cümlə ilə ifadə edir. Bu ifadə 100 ildən sonrakı oxucularda indiki dövrün kitabsızlıq faciəsini təsvir edə bilər: “”Deyirəm özümünkülərdir, ev kitablarıdır. Bunlar da deyir, rəhmətliyin oğlu, ev kitabını neynirik, get ev qutabı gətir”. Bəli 100 ildən sonrakı oxucu biləcək ki, 21-ci əsrin əvvəlində kitaba belə düşmən münasibətimiz olub. Ev qutabı kitabdan daha vacib olub.
Yeri gəlmişkən, yazıların adları da maraqlı və sətiraltı mənaların bolluğu ilə seçilir: “Misir Mərdanovun son zəngi”, “Klarnetdə təmənna havası”, “Danışan sifətlər”, “Qaçqın iti”, “İdmançılarımız rəşadətlə məğlub olur”, “Susur Azərbaycan radiosu”, “Yerüstü “Tanrılara” tapınanlar”. Bu yazıların özünəməxsus aforizmləri də var. Bizlər bəzən klassiklərdən hikmətli sözləri əxz etməyi xoşlayırıq və əksəriyyətimizə elə gəlir ki, aforizmlər ancaq Şekspirdə, Jan Pol Sartda, Markesdə, Çexovda ola bilər. “Anne Annem”dən maraqlı cümlələr:
“Qarışqa yuvası kimi uçurulan “Aeroport bazarı”.
“İndiki adamlar, köhnələrlə müqayisədə surəti çıxarılmış sənəd kimi bir şeydir”.
“Jurnalist insan itkisinə münasibətdə həkimə çevrilməkdədir”.
“Göz yaşı üçün dərman satılmır”.
“Azərbaycan mətbuatının klassik geyimlər kimi heç vaxt dəbdən düşməyən mövzuları var. Qəzetlər bu mövzuları mövsümə uyğun geyinməyi sevərlər”.
“Bizim hər birimiz üzümüzü sığortalamağa tələsməliyik. Bir gün tüpürüləcəyi üçün”.
“Bir gün dinimi dəyişəsi olsam, yəqin ki, suyu seçərəm. İndi suya, çaylara, dənzilərə daha çox inanıram”.
Və sonda müəllifin özü barədə səmimi etirafı: “Yalanım, kobudluğum, hər cür çatışmaz hərəkətim də səmimi olub, gülə-gülə, açıq-aşkar”.
“Anne annem” kitabı da müəllifin özü kimi açıq-aşkardır.