Azərbaycan Texniki Universitetinə (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələri iştirak ediblər.
“Qafqazinfo”nun məlumatına görə, media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.
AzTU-nun rektor əvəzi, Xalıq Yahudovun sözlərinə görə, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: “Universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranında görür. İmtahan prosesinin müşahidə olunması üçün valideynlərin də iştirakına şərait yaradılır”.
Tur zamanı Universitetin İnnovativ Təhsil və İKT departamenti ilə də tanışlıq olub. Tur iştirakçıları burada www.aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıblar.
Mediaturdan sonra Universitetin İctimai Şurasının iclası keçirilib. İclasda Şuranın sədri və katibi müəyyənləşdirilib. Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib.
Son xəbərlər
Son Xəbərlər