Kiyevdə Salam Sarvanın kitabının təqdimatı oldu - Fotolar

kiyevde-salam-sarvanin-kitabinin-teqdimati-oldu
Oxunma sayı: 691

Ukrayna Milli Ədəbiyyat Muzeyində müasir Azərbaycan şairi Salam Sarvanın əsərləri toplusunun təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Boğulmaq da olmur, dayazdı dünya” («І потонути неможливо, неглибокий цей світ...») adlanan kitabın nəşri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir. Kitabın nəşri və təqdimatı Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun və “Sammit-kniqa” nəşriyyatının dəstəyi ilə həyata keçirilib.

Təqdimat mərasimini Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini, akademik Nikolay Sulıma tədbiri açaraq Ukrayna ilə Azərbaycan arasında qədim tarixə malik fundamental ədəbi əlaqələri barədə söhbət açıb. O qeyd edib ki, bu tədbir Ukrayna-Azərbaycan ədəbi əməkdaşlığının fəallaşmasına böyük töhfə olacaq.

Ukrayna Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Sofiya Fecora tədbirdə çıxış edərək vurğulayıb ki, təmsil etdiyi muzey Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq üçün həmişə açıqdır və həmin Mərkəzin layihəsinin – Salam Sarvanın əsərləri toplusunun təqdimatına yardımçı olmağa şaddır.

Təqdimat mərasimində kitabın tərcüməçisi Lesya Mudrak, layihənin məsul katibi Marina Qonçaruk, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev, şairlər Dmitri Çistyak, Sergey Savin, Yuliya Qupalyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan filologiyası müəllimi İrina Dəmirəzən, digər şairlər, ədəbiyyatçı və jurnalistlər də çıxış ediblər.