Nazirlər Kabineti Prezident İlham Əliyevin məcburi köçkünlər üçün təyin etdiyi aylıq müavinətin verilməsi qaydasını təsdiq edib. Qaydalarda ayda adambaşına 36 manat olacaq müavinətin kimlərə və necə veriləcəyi əksini tapıb.
Qaçqın və məcburi köçkünlərin son vaxtlar geniş müzakirə obyektinə çevrilən güzəştləri hansılar idi: ayda adambaşına 150 kvt elektrik enerjisi, 35 kub qaz, 5 kub suyu pulsuz, yəni dövlət hesabına əldə etmək, ərzaq təminatı üçün ayda 18 manat 15 qəpik vəsait almaq, zibil pulu, hətta evində telefonu olanlar üçün aylıq abunə haqqını ödəməmək. Bundan əlavə, dövlət ali təhsil müəssisələrinin ödənişli bölməsinə daxil olan qaçqın övladları təhsil haqqını ödəməkdən azaddırlar və sair.
“Qaçqınkom”un məlumatına görə, bu güzəştlərdən yararlanan qaçqınların sayı 1,2 milyon nəfərə çatıb. Düzünü deyim ki, bu rəqəmi inandırıcı saymıram və onun şişirdildiyi qənaətindəyəm. Çünki şəxsən tanıdığım köçkün ailələri var ki, adları əvvəllər məskunlaşdığı yataqxanada da qeydiyyatdadır, hazırda yaşadıqları evlərdə də. Hətta bir neçə yerdə sənədli-sənədsiz evlər tikib kirayə verən köçkünlər də tanıyıram ki, 2-3 evin hamısı qaçqın evi kimi ödənişlərdən azad idi. 2015-ci ildə bu kimi faktları Hesablama Palatası da üzə çıxartmışdı. Bu baxımdan, “Qaçqınkom”un məlumatını dəqiq rəqəm hesab etmirəm, fikrimcə, real rəqəm 1,2 milyondan xeyli azdır.
Gələk, bu ildən təsdiqlənən aylıq adambaşına 36 manat müavinətin əvvəlki güzəştləri əvəz edib-etməməsinə. Bakıda yaşayan dörd nəfərlik orta statistik köçkün ailəsini götürsək, ayda əvvəlki limitlə 600 kvt enerji (300x0.7AZN=21 AZN+ 300x0.11AZN=33 AZN= 54 AZN) 54 AZN edir. Ayda adambaşına 35 kub qaz ayda 140 kub, ildə isə 1680 kub qaz sərfiyyatı deməkdir. Limitdən aşağı olduğu üçün qiymət 0.10 AZN-lə hesablanır və ayda 14 AZN deməkdir. Supulu ayda (4x5 kub= 20 kub x 0.50 AZN) 10 AZN, ərzaqpulu 18,15x4= 74 AZN. Zibilpulu və telefon abunə haqqını isə birlikdə 5 AZN hesablayaq. Bütün güzəştlər birlikdə ayda 157 AZN edir. Yeni təyin olunmuş müavinət isə aylıq 144 AZN təşkil edəcək. Göründüyü kimi, fərq çox kiçik bir məbləği əhatə edir. Üstəlik, hesablamanı Bakıdakı qiymətlərlə apardıq – digər şəhər və rayonlarda supulu aşağıdır, hətta Bakının özündə belə bir çox ərazilərdə kanalizasiya haqqı hesablanmır, bundan əlavə, rayonlarda əksər yerli əhali kimi köçkünlərin də stasionar telefonu yoxdur, zibilpulu ödənmir və sair. Bütün bunları nəzərə aldıqda, təyin olunan müavinətin güzəştləri aşağı-yuxarı tam əvəz etdiyini görmək olur.
Bəs, güzəştlərin müavinətlə əvəz olunması hansı zərurətdən irəli gəldi? Cavab üçün Hesablama Palatasının həm “Qaçqınkom”, həm də “Azərsu”, “Azərenerji” kimi qurumlarda apardığı yoxlamaların nəticələrinə baxmaq yetərlidir. Çox xəsisliklə açıqlanan məlumatlardan aydın olur ki, hər 3 qurumda köçkün limiti ilə bağlı pozuntulara (bir nəfərin bir neçə rayonda ödənişdən azad olunması və sair) yol verilirdi (“Azərişıq” sistemində də problem olduğu kimi qalmışdı – D.S.). Və ayrı-ayrı rayondlarda qeydə alınan pozuntular birlikdə götürdükdə ölkə üzrə enerji və su sərfiyyatında ciddi maxinasiyara rəvac verirdi. Bu maxinasiyalardan dolayı itkilər yüksək həcmli neft gəlirlərinin gəldiyi dövrdən fərqli olaraq, son 2 ildə getdikcə kiçilən büdcədə ciddi yükə çevrilmişdi. Bütün bunlar köçkün güzəştləri ilə bağlı daha şəffaf, kənarlaşmaları maksimum azaldacaq mexanizmə keçidi zərurət halına gətirmişdi.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar tam olmasa da, bu sahədə əvvəlkinə nisbətən şəffaflığa gətirib çıxara bilər. O halda ki, bu dəfə də köçkün rayonların icra hakimiyyətləri vəziyyətdən sui-istifadə etməsinlər – müavinəti alacaq köşkün kontingentini müəyyənləşdirmək məhz onlara həvalə olunub.
Qaydalarınsa zaman keçdikcə daha da təkmilləşməsinə ehtiyac olacaq. Çünki əvvəla, 2017-ci ilin 1 yanvarından doğulan köçkün övladlarına müavinətin verilməməsi yanlış addımdır – bir evdə olan 3 uşaqdan 2-nə müavinət verib, 1-nə verməmək absurddur. Bundansa, müavinətin ünvanlılğının təmin olunması daha yaxşı olardı. Yəni bölgələrdə ictimai binalarda yaşayan, yaxud torpaq sahəsi verilmədən köçkün qəsəbələrində məskunlaşdırılan ailələrin bütün üzvlərinə müavinət verilməlidir. Bakı və ətraf qəsəbələrdə, Sumqayıtda məskunlaşıb ev-eşik sahibi, işi, stabil gəliri olan köçkünlərin isə heç biri müavinət almamalıdır. Belələrini müəyyənləşdirmək kənardan bəlkə də bir qədər çətin görünə bilər – lakin “Qaçqınkom”un yerli strukturları, həmçinin müvafiq icra hakimiyyətləri kimin necə yaşadığını çox yaxşı bilirlər. İstəsələr, bu işi rahatlıqla həll edə bilərlər.
Son olaraq, yəqin ki, köçkünlərə ən böyük müavinət – onların öz yurdlarına qayıtmaları olar...