“Köçkünlərin yaşamağa mənzilləri var, amma iş tapa bilmirlər”

kockunlerin-yasamaga-menzilleri-var-amma-is-tapa-bilmirler
Oxunma sayı: 1474


Ümid Partiyası sədrinin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva qadınların problemi, ictimai-siyasi işlərdə fəaliyyəti, partiyanın bu istiqamətdə siyasəti və ötən həftə Göyçay rayonuna səfəri ilə bağlı partiyanın mətbuat xidmətinə danışıb:

MDB məkanında, xüsusilə də Ukraynada baş verən siyasi proseslər ölkəmizdə də ictimai-siyasi aktivliyi artırır. Partiya olaraq həm təşkilatlanma, həm də təbliğat istiqamətlərimdə işimizi gücləndiririk. Ötən həftə Göyçay rayon şöbəsinin üzvü olan qadınlarla toplantı keçirdik. Toplantıda Qadınlar Təşkilatının yerli strukturunun yaradılması, sıralarının genişləndirilməsi və qarşımızda duran vəzifələrlə bağlı müzakirələr aparıldı. Eyni zamanda ölkədəki ictimai-siyasi vəziyyət, mövcud hakimiyyətin ailə, qadın və uşaqlara yönəlik siyasəti ilə bağlı da geniş fikir mübadiləsi aparıldı. Ümid partiyasının bu istiqamətdə hazırladığı konsepsiya ilə yerli rayon təşkilatında təmsil olan qadınları tanış etdik. Qadın üzvlərimizin də bəzi maraqlı fikir və təkliflərini öyrəndik. Mənim fikrimcə qadın vətəndaşlarımızın maraq və mənafelərini ifadə edən siyasətə üstünlük verməklə onların siyasi proseslərə diqqətini daha yaxşı cəlb edə bilərik. Rəsmi statistikada qadınların daha çox ailə-məişət zəminində hüquqlarının pozulduğunu görürük. Amma, əslində daha ciddi problem vətəndaşların bütövlükdə hüquqlarının kütləvi şəkildə pozulmasıdır ki, bunun da əziyyətini daha çox qadınlar çəkir. Əsl səbəb isə hakimiyyətin həyata keçirdiyi sistemsiz və ədalətsiz siyasətdir.

Yeni istifadəyə verilmiş bu köçkün şəhərciyindəki mənzillər öz rahatlığı, səliqə sahmanı və təhcizatı ilə təqdir oluna bilər. Bu səfərimdə köçkün şəhərciyində yaşayan qadın vətəndaşlarımızın ictimai-siyasi proseslərə baxışını, daha çox nə ilə maraqlandıqlarını, nə istədiklərini öyrənməyə çalışdıq. Qadınların öz həyatlarından razı və yaxud narazı qalmaları ilə bağlı bir sorğu da keçirdik. Sorğumuzun nəticəsi olaraq deyə bilərəm ki, məcburi köçkünlərin yaşamağa mənzilləri var, amma iş yerləri tapa bilmirlər. Burada məskunlaşan əhalinin əksəriyyəti kiçik ticarətlə, alış-verişlə məşğul olsalar da yaşamağa çox çətinlik çəkirlər. Gündəlik təxminən on manat qazanc əldə etsələr də, onu icarə haqqı üçün ödəmək məcburiyyətində qalırlar. Daimi iş yerlərinin olmaması burada çox ciddi problemdir. Hökumət mütləq məcburi köçkünlərin məskunlaşdığı yeni şəhərciyə yaxın ərazilərdə zavod, fabrik açılmasına qərar verməli və ya özəl şirkətlərə belə bir əlverişli şərait yaratmalıdır.

Partiya sədrinin müavini qeyd edib ki, qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlıq istiqaməti də bizim üçün prioritetdir. Ümid partiyasının qadın üzvlərini bələdiyyələrə namizəd olmağa təşviq etmək üçün müəyyən layihələr həyata keçirməyi düşünürük. Qadınların öz passiv seçki hüququndan kütləvi istifadə

etməsi cəmiyyətə yeni nəfəs, yeni impuls verə bilər. Bunun üçün sosial şəbəkələrdə bələdiyyələrə namizəd olacaq qadınların səhifəsini yaradacaq və sistemli fəaliyyətini quracağıq. Bu bir təbliğat və aktivlik üçün baza rolu oynayacaq. Digər müxalif təşkilatlarda təmsil olunan qadınlarla da işimizi əlaqələndirəcəyik.

Yerli təşkilat üzvləri və sadə vətəndaşlarla görüşlərdən, həmçinin proqram layihələrimizin icrasından çox məmnun olduqlarını bildirən K. Quliyeva, bu tip görüşlərin bütün bölgələrdə keçirilməsinin zəruriliyini vurğulayıb. Regional görüşləri artıq qarşımıza bir hədəf kimi qoymuşuq. İnsanlarla yaxından ünsiyyətdə olub, onların sosial-iqtisadi problemləri ilə yerində tanış olmaq vacibdir. Əminəm ki, bu görüşlərin nəticəsi olaraq yerli rayon təşkilatlarında təmsil olunan qadınlarımızın fəaliyyəti çox aktiv formada nəzərə çarpacaq.