Kombaynın avtomagistrala çıxması onun texniki təyinatına və göstəricilərinə uyğundur? - Rəsmi açıqlama

kombaynin-avtomagistrala-cixmasi-onun-texniki-teyinatina-ve-gostericilerine-uygundur
Oxunma sayı: 4074

Kənd təsərrüfatı mövsümü ilə əlaqədar respublika əhəmiyyətli yollarda tez-tez kombaynlar və traktorlar gözə dəyir. Xüsusilə taxıl və pambıq biçini vaxtı kombaynların respublika əhəmiyyətli avtomobil yoluna çıxmaları, üstəlik, gecə saatlarında yüksək sürətli yollarda hərəkətləri ikiqat təhlükəlidir. Təsadüfi deyil ki, kənd təsərrüfatı texnikalarının respublika əhəmiyyətli yollara çıxması ölümlə nəticələnən hadisələrə səbəb ola bilir.

“Qafqazinfo” kənd təsərrüfatı sahəsində istifadə olunan iri qabaritli texnikaların yüklə dolu halda və ya yüksüz formada avtomagistral yola çıxaraq hərəkət etməsinin onun texniki təyinatına və göstəricilərinə uyğun olub-olmadığını, qanunda bu məsələnin necə tənzimləndiyini araşdırıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, yüklə dolu kombaynın əkin sahəsindən avtomagistrala çıxıb yolda hərəkət etməsi bəzi hallarda qadağandır: “Son vaxtlar əksər bölgələrdə kənd təsərrüfatı məhsullarının yığımı ilə əlaqədar həmin sahədə istifadə olunan texnikanın tez-tez avtomobil yollarında hərəkət etməsi və müxtəlif növ malların daşınması zamanı qəza halları yaşanır. Əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, əkin sahələrindən yüklə dolu olan kombaynların çıxarılılıb magistral və yollarda sürülməsi, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real şərait yaradır. Qanunda nəzərdə tutulan addımlara gəlincə, İnzibati Xətalar Məcəlləsinin 327.5-ci maddəsinə görə, avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönməsi, geriyə hərəkət etməsi və sürmə təlimi keçməsi qadağandır. Buna görə qanunda müvafiq cərimə nəzərdə tutulub”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol hərəkəti qaydalarına görə, kənd təsərrüfatında istifadə olunan özüyeriyən texnikaların avtomagistrallarda hərəkəti qadağandır: “Kombayn məsələsinə gəldikdə isə, bəzi texnikalar var ki, onların işçi mexanizmləri yerində olanda qabaritləri çox böyük olur. Hətta, elə texnikalar var ki, onların işçi mexanizmləri, məsələn, kombaynın qarşısında olan taxılbiçəni çıxarılanda belə kombaynın ölçüsü icazı verilən standartdan böyük ola bilir. Taxılbiçənlərin eləsi var 5-6 metrdir, həmin vəziyyətdə kombayn qətiyyən yola çıxa bilməz. Qanuna görə, eninin qabariti 2,4 metrdən çox olan texnikaların özbaşına yola çıxması qadağandır. Həmin texnikalar xüsusi razılıq aldıqdan sonra yola çıxa bilər. Texnikanın qabariti 2,55 metrdən çoxdursa, həmin texnikalar icazə aldıqdan sonra da yol polisinin xüsusi müşayiəti ilə hərəkət edə bilər. Müşayitə olmadan hərəkət etməyə icazə yoxdur”. 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən qeyd edilib ki, “Yol hərəkəti haqqında” qanununun 43-cü maddəsinə əsasən traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla istismarı qadağandır: “Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir. Belə ki, 5.1 və 5.3 nişanları ilə işarə olunmuş yollarda qeyd edilən nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir. Pambıqyığan kombaynın qanunun tələblərinə əsasən, qeyd edilən yollarda hərəkəti qadağandır".