Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində Hidayətov Əhliman Əli oğlunun gömrük əməkdaşları tərəfindən onun oğluna qarşı qeyri-qanuni hərəkətə yol verildiyi barədə yaydığı müraciətə münasibət bildirib.
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Əhliman Hidayətovun oğlu Ziya Hidayətov Rusiyadan kommersiya məqsədilə gətirdiyi 100 kiloqram sap yükü üçün hesablanmış gömrük ödənişlərini ödəməkdən imtina etdiyinə görə yük müvəqqəti saxlanca götürülüb. Sonradan onun müraciəti əsasında həmin yük gömrük rəsmiləşdirilməsindən keçirilmiş və vətəndaş 78 manat 44 qəpik gömrük ödənişləri ödəyərək yükü təhvil alıb.
Əhliman Hidayətovun Dövlət Gömrük Komitəsinə daxil olmuş müraciətləri araşdırılıb, yükün qanunamüvafiq şəkildə gömrük ödənişlərinə cəlb edildiyi və oğlundan əlavə pul alınmadığı barədə araşdırmanın nəticəsinə dair ona yazılı məlumat verilib. O, Dövlət Gömrük Komitəsi sədri tərəfindən də qəbul edilmiş və müraciətlərinin araşdırılmasının nəticəsi ona ətraflı izah edilib. Eləcə də video müraciətdə fərqinə varmadan vətəndaş Hidayətov Əhliman onun müraciətlərinə baxılmadığı və cavab verilmədiyi kimi iddiasını Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisinin məktubunu nümayiş etdirməklə təkzib edir.
Həmçinin, cəmi 100 kilogram sap üçün oğlundan nə az, nə çox 660 manat pul alınması barədə iddiası isə tamamilə əsassızdır.
Son xəbərlər
Son Xəbərlər