Komitədə təlim-seminar keçirilib - Fotolar

komitede-telim-seminar-kecirilib
Oxunma sayı: 824

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizdə təlim səfərində olan Tacikistan nümayəndə heyəti üçün bu gün komitənin İnformasiya Texnologiyaları Mərkəzində “Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində Azərbaycan təcrübəsi” mövzusunda təlim-seminar keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə komitə Aparatı və əlaqəli qurumları, Dünya Bankının Bakı Ofisi və media nümayəndələri iştirak edib. Tədbir çərçivəsində qeydiyyat və kadastr sistemi ilə bağlı müxtəlif çıxış və təqdimatlar olub. Eyni zamanda, səfər çərçivəsində kadastr və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, prosedurlar və sənədlər, rəqəmsal kadastr xəritələri, informasiya sistemlərinin idarə olunması ilə bağlı digər təlim-seminarlar da təşkil edilib.

Seminarın sonunda çıxış edən Tacikistan nümayəndə heyətinin rəhbəri Suhrob Kuçakşoyev səfərdən məmnun olduqlarını ifadə edib. Səfər nəticəsində geniş təcrübə və qeyd olunan sahədə geniş biliklər əldə etdiklərini qeyd ediblər.

Qeyd edək ki, Tacikistanın daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə müvafiq dövlət qurumunun 10 nəfərdən ibarət nümayəndə heyəti 6 mart tarixindən Azərbaycana təlim səfərinə gəlib. Səfərin məqsədi ölkə rəhbərliyinin tapşırığı ilə mülkiyyət hüquqlarının qeydiyyatı sistemi, daşınmaz əmlakın kadastrı, torpaq idarəçiliyi ilə bağlı Azərbaycan təcrübəsindən yararlanmaqdır. Səfər mart ayının 13-dək davam edəcək.