Komitənin yubileyi ilə bağlı tədbir

komitenin-yubileyi-ile-bagli-tedbir
Oxunma sayı: 814

Bu gün "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi -15: dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə əvvəlcə konfrans iştirakçılarını yubiley münasibəti ilə təbrik edib. Komitənin 15 illik fəaliyyətinfən bəhs edən Şeyx bundan sonrakı illərdəki fəaliyyətlərində də uğurlar arzulayıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla da konfrans iştirakçılarını təbrik edib. Bildirilib ki, 8 komitə işçisi prezident tərəfindən təltif olunub.

Dini Komitənin gələcək fəaliyyətində uğurlar arzulayan millət vəkili Siyavuş Novruzov Azərbaycanda din və dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, digər dövlətlərdən fərqli olaraq stabillik olduğunu bildirib. Bu stabilliyin qorunmasında da komitənin böyük rolu var: "Keçmişdəki problemlərə baxmayaraq Azərbaycanda din hər zaman qorunub saxlanıb. Baxmayaraq ki, komitə 15 ildir ki, fəaliyyət göstərir, o, artıq kabinet üslubundan çıxıb regional fəaliyyət göstərir. Bu Azərbaycan modeli digər ölkələrə də nümunə olmalıdır.

Rus Provaslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev konfrans iştirakçılarını təbrik edib. Milix Yevdayev müsəlmanların Müqəddəs Ramazan ayını təbrik edib. Bildirib ki, yəhudilər hər zaman sülh şəraitində yaşayıb və bundan sonra da yaşayacaqdır:

"Komitə bundan sonra da dini qardaşlığın, sülhün, əmin amanlığın təməlini qoyacaqdır".