Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan bir ədəd “Play Station” oyun dəstini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov saxlanılıb.
“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, araşdırmalar zamanı saxlanılan şəxsin cari ilin fevral ayında paytaxtın Xətai, Yasamal və Sabunçu rayonlarının ərazilərində ümumilikdə 8 “Play Station” salonuna oğurluq niyyəti ilə girdiyi və həmin obyektlərdən oyun dəstlərini oğurladığı məlum olub.
Saxlanılan şəxs törətdiyi cinayət haqda bunları deyib:
“İnşaatçılar metrosundan çıxdım, girdim kluba. Gördüm ki, internet klubda heç kim yoxdur. Kompüterləri götürdüm, aparıb Əhmədlidə internet kluba satdım”.
Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır. Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir.
Son xəbərlər
Son Xəbərlər