Ermənistanın təmsilçisinin tərifli performansına qədər özümü birtəhər saxladım, sonra yuxu məni aparıb, bir də ayıldım ki, Konçita oxuyur, sonra yuxu məni bir də tərkinə alıb götürdü – ta səsvermə məhələsinə qədər.
Mənə görə, “Eurovision” şousunun ən maraqlı yeri məhz səsvermə mərhələsidir. Yoxsa o musiqi parçalarını, klipləri İnternetdən gündə on dəfə dinləyə bilərik.
Səsvermə isə başqa şeydir. Çox maraqlıdır. Və adam nə qədər yuxusuz olsa da, bu yerdə yuxusu gəlmir, baxırsan ki, hansı ölkə sənin ölkənə neçə xal verir, hansılar vermir, sən özün kimə səs verirsən və sair.
Bu dəfəki səsvermədə təəccüblü bir şey olmadı. Nə qədər “favorit” adlandırılsa da, Azərbaycanı təmsil edən qızın mahnısı zəif idi və güman olunurdu ki, sonuncu yerlərdən birini tutacaq. Elə də oldu.
Öncədən ölkəmizdəki narahatlıq bununla bağlı deyildi, onunla bağlıydı ki, ermənistanlı manısın mahnısı favorit göstərilirdi, klipi rekordlar qırırdı və əndişə vardı ki, o birinci yeri tutacaq. Xoşbəxtlikdən, elə olmadı və təkcə bu fakt özümüzü son “Eurovision”un da qalibi kimi hiss etməyimizə bəsdir.
Bu, bizə zərbə olardı. Bizə güllə atan qonşu xalqın (göründüyü kimi, onları düşmən adlandırmıram) Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar təntənəli mərasimlər keçirdiyi bir vaxtda bir də “Eurovision” qələbəsinə görə şadyanalıq etmələrinə təhəmmül etməzdik.
Məlum, onlar da görməmiş şeydirlər. Birinci olsaydılar, elə bir həşir qoparacadılar ki, bizim “Eurovision” qələbəmiz yalan olacaqdı. Düzdür, ermənilərdə bizim kimi “Eurovision” keçirməyə milyardlar yoxdur, amma qonşudan dala qalmamaq üçün özlərini cırıb-dağıdacaq, borca girəcək, beynəlxalq miqyasda torba götürüb dilənəcək, axır ki, “Eurovision”a layiqli ev sahibliyi etməyə çalışacaqdılar.
Ancaq onlar deyən olmadı. Konçita onlara və hamıya qalib gəldi. Avropa bu dəfə də yaxşı səsə, unikal şouya, qeyri-ənənəvi görünüşə səs verdi.
İndi deyəcəklər, bu, siyasiləşmiş şoudur, qonşular bir-birinə yüksək xallar verir, dost dövlətlər bir-birini dəstəkləyir və sair. Müəyyən qədər elədir. Amma özümüzdən götürək, bu il performansımız zəif olduğu üçün dost dövlətlər də bizə səs vermədilər.
Əslində, belə görünürdü ki, bizimkilər bu il “Eurovision”a bilə-bilə yaxşı hazırlaşmayıblar və qarşılarında çempion olmaq məqsədi durmayıb. Nədən? Ondan ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision”un ağrı-acısı hələ canımızdan çıxmayıb. Bir şou olimpiadasına görə az qala İranla düşmən olmuşduq, ara indi-indi düzəlir. Bütün Avropa mətbuatı ölkəmizin gözəlliklərini bir tərəfə qoyub eybəcərliklərindən yazırdı, göstərirdi və bu, hökumətimizin xoşuna gəlmirdi. Kəsəsi, o çempionluq bizə baha oturmuşdu.
Ən yaxşısı budur: iştirak et, oxu, amma çempion olma, ölkən də ayaq altda qalmasın.
Ağıllı olmaq lazımdır. Məsələn, bu dəfə biz məsələyə geosiyasi strategiya baxımından yanaşaraq 12 xalı Rusiyaya verdik. Düzdür, rus bacılar 3 ballıq da oxumamışdılar, amma Putinin regionda qan-qan dediyi bir vaxtda cəhənnəm olsun 12 xal, ölkəmizin başının sadağası olsun.
Keçənilki pəstəha yadınızda deyilmi? “Eurovision”da bizdən az xal almışdı deyə Kreml az qala ölkəmizə qoşun yeritmək istəyirdi. Kremldə xüsusi toplantı olmuşdu. Lavrov Məmmədyarovla telefonla danışıb “Eurovision” xalının nədən az olması barədə müzakirə aparmışdı. Prezidentlər arasında da bu məsələyə dair danışıqlar olmuşdu. İTV bu işin təqsirini avropalı təşkilatçıların üstünə atmaq istədi, onlar da at kimi üzə durdular ki, bizlik deyil. Axırda İTV-dən bir neçə günahsız adamı işdən çıxardılar ki, Putin və Lavrov bizdən əl çəksin.
Bu baxımdan bu il ağıllı tərpəndik. Xoşbəxtlikdən, bu il qardaş Türkiyə “Eurovision”da iştirak etmirdi, yoxsa iki qardaş dövlətin arasında qalacaqdıq, bilməyəcəkdik ki, 12 xalı kimə verək. Məncə, türk qardaşları 10 xalla da yola vermək olardı. Hərçənd onların hay-küyçü mediası da götürüb belə manşetlər yazacaqdılar: “Kardeşdən ihanet. 12 puan ruslara getdi”; “Eurovision”da azeri darbesi. Kardeş rusları tərcih etdi”; “Yok böylə bir kalleşlik!” və s.
Daha deməyəcəkdilər ki, rus tankı gəlib durub Mozdokda, variant çika.
Hər halda, şükür edək. Bu “Eurovision”dan yaxşı qurtardıq, nə biz çempion olduq, nə də bizə güllə atanlar.