Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

konstitusiya-mehkemesi-ali-mehkemenin-qerarini-legv-etdi
Oxunma sayı: 4330

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildiriblər ki, iclasda A.Kərimov və qeyrilərinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndələrinin, vəkilinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, N.Aləmmədzadə və qeyrilərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 hektar torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 26 fevral tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəlləsinin 91-ci və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.