Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı

kontakt-home-cebheye-yollanan-her-bir-emekdasin-ailesine-500-manat-yardim-ayirdi
Oxunma sayı: 10236

Ölkənin ən böyük riteyl şəbəkələrindən olan Kontakt Home səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir əməkdaşının iş yerlərini və əmək haqlarını tam saxlamaqla bərabər, onların ailə üzvlərinə 500 manat məbləğində birdəfəlik yardım ayırıb.

Şirkət indiyədək və bundan sonra da hərbi təlimlərə cəlb olunan bütün əməkdaşların hərbi çağırışda olduğu müddətdə iş yerlərini saxlayacaq və əmək haqlarını 100% ödəməyə davam edəcək. Hazırda ölkə vətəndaşları kimi şirkətin əməkdaşları da xüsusi toplanışlara çağırılır.

 “Kontakt Home-un əsas kapitalı dəyərli əməkdaşlarımızdır. Odur ki, şirkət rəhbərliyi indi və hər zaman əməkdaşlarının yanındadır” deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qan vermə aksiyasına cəlb edir. Şirkət həmçinin Qarabağın Azərbaycan ərazisinin ayrılmaz parçası olduğunu və bu mövzuda hər bir vətəndaşla həmrəy olduğunu bildirmək məqsədilə müştərilərə təqdim etdiyi qəbzlərin hər birində “Karabakh is Azerbaijan. 20% of my territory is occupied by Armenia” (Qarabağ Azərbaycandır. Ərazimizin 20%-i Ermənistan tərəfindən işğal olunub) yazısı əks etdirib.