“Könüllü gömrükçü”lərə sertifikatlar təqdim olundu - Fotolar

konullu-gomrukculere-sertifikatlar-teqdim-olundu
Oxunma sayı: 2777

Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən ikinci "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.  “Qafqazinfo” xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasətindən söhbət açaraq qeyd edib ki, Ulu Öndər daim gənclərin dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, beynəlxalq standartlara uyğun şəkildə təhsil almalarına xüsusi diqqət göstərib.

Könüllülük hərəkatının formalaşmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi qeyd edən Səfər Mehdiyev bildirib ki, məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərmək üçün şərait yaradıb.

Komitə sədri vurğulayıb ki, bugünədək könüllü hərəkatı çərçivəsində minlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib və işlə təmin olunublar.

Eyni zamanda, Komitə sədri gömrük orqanlarında nümunəvi fəaliyyətləri və gömrük işinin dərindən mənimsədiklərinə görə 4 nəfər könüllü gömrükçünün gömrük orqanlarında işə qəbul olunduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.