Bu gün Dövlət Gömrük Komitəsində yeni yaradılan “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və “Könüllü gömrükçü” dəstəsinin 131 üzvü iştirak edib.
“Könüllü gömrükçü”lər qarşısında çıxış edən S.Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, bunun da ölkə başçısının gənclərə göstərdiyi qayğının, Azərbaycan gəncliyinə olan inamının bariz nümunəsi olduğunu vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.
Komitə sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın da dəstəyi ilə gənclərin istər dövlət, istər özəl sektorda daim irəli çəkildiyini, onlara yüksək etimad göstərildiyini və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Sonda yeni yaradılan “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə xatirə şəkli çəkdirilib, Komitə sədri onlara tövsiyələrini verərək uğurlar arzulayıb.




Son xəbərlər
Son Xəbərlər