Könüllülərin iştirakı ilə “Vətən var olsun” adlı fləşmob keçirildi - Fotolar

konullulerin-istiraki-ile-veten-var-olsun-adli-flesmob-kecirildi
Oxunma sayı: 1086

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun" şüarı altında fləşmob keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü fləşmobdan öncə 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.