“Kopenhagen”lə oyun fərqli idi” - Qara Qarayev

kopenhagenle-oyun-ferqli-idi
Oxunma sayı: 638

"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Prmyer Liqasının ikinci turu çərçivəsində baş tutan "Qarabağ" - "İnter" (1:0) oyunundan sonra jurnalistlərə müsahibə verib.

“Qafqazinfo” müsahibəni təqdim edir:

- "Kopenhagen"lə oyun haqda nə düşünürsən? İndidən "Qarabağ"ın mərhələ keçdiyini düşünmək olar?

- Yox, mərhələ keçməkdən danışmaq hələ tezdi. Nəyə görə deyirəm? Biz "Şerif"lə oynayanda öz meydanımızda rəqibi qapısına sıxmışdıq, onlara oynamaq üçün imkan vermirdik. Amma özünüz də gördünüz ki, "Kopenhagen"lə oyun fərqli idi. Bizim daha çox topla davranmağımıza baxmayaraq, rəqib təhlükəli vəziyyətlər yaradırdı. Yəni rəqibi tanıyırıq, necə oynayacaqlarını bilirik. Rəqibin həmlələrinin qarşısını ala bilsək və həmin gün idman şansı bizim yanımızda olsa, inşallah, tarix yaza bilərik.

- Necə düşünürsən, "Kopenhagen" "Qarabağ"dan güclü komandadı?

- Birinci oyuna nəzər salsaq, biz qələbə qazanmışıq və biz üstün tərəfik. Amma ikinci oyunu da gözləmək lazımdı. Güclü və zəif olduğumuzu müqayisə etmək istəməzdim. Çünki "Kopenhagen" sözünü demiş komandadı.

- "Kopenhagen" - "Vardar" oyununu yəqin ki, izləmisən. "Vardar" pis oynamasa da, matçın gedişində ani səhvlər etdi və qapısından 4 qol buraxdı. Yəqi ki, "Qarabağ" "Vardar"ın səhvlərini etməz...

- Ümumiyyətlə, fərdi olaraq düşünürəm ki, bu hər bir futbolçunun xüsusi hazırlaşacağı oyundu. Bu, son şansdı. Bu oyunda ciddi zədə alsam da, əhəmiyyət vermərəm. Hər şeyi bu oyunda qoymaq olar. Bir neçə amil var ki, onların qarşısını ala bilsək, uğur qazanacağıq. Amma yenə deyirəm, elə-belə komanda ilə qarşılaşmağa getmirik. Bildiyimə görə, oyun üçün 44 min bilet satılıb. Bu da oyunun mahiyyətindən, azarkeşlərin bu oyuna diqqətindən xəbər verir. Sözsüz ki, bu komandanı ruhlandıracaq və daha yaxşı oynayacağıq.