Koronavirus Tbilisi sakinlərini meyvə-tərəvəzsiz qoydu

koronavirus-tbilisi-sakinlerini-meyve-terevezsiz-qoydu
Oxunma sayı: 2561

Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə aprelin 7-dən bütün kənd təsərrüfatı bazarları bağlanıb, aprelin 17-dən isə nəqliyyatın hərəkəti qadağan edilib. Tətbiq olunan qadağalar ölkənin paytaxtı Tbilisidə meyvə-tərəvəz çatışmazlığına səbəb olub.

“Qafqazinfo” “Kavkazski uzel”ə istinadən bildirir ki, bütün aqrar bazarların bağlanmasından sonra Tbilisi sakinləri meyvə və tərəvəzi özəl ərzaq mağazaları və ya küçə ticarətçilərindən alırdılar. Sakinlər qeyd edir ki, nəqliyyatın hərəkətinə qoyulan qadağa keyfiyyətli tərəvəz, meyvə və göyərti çatışmazlığına səbəb olub, bəzi rayonlarda isə onlar piştaxtalardan tamamilə itib.

Yerli sakinlərin sözlərinə görə, şəbəkə supermarketlərində tərəvəz və meyvə satılır, lakin onlar keyfiyyətsizdir. Onlar qeyd edirlər ki, Tbilisidə göyərti satışdan itib. O, paytaxta artıq ikinci aydır ciddi karantin rejimində olan Marneuli rayonundan gətirilirdi.

Tərəvəzlərin qiymətlərinə gəlincə isə, sakinlər onların bahalaşmasına diqqət yetiriblər: əvvəllər 1 kiloqramı 30 lariyə (9,5 dollar) təklif olunan sarımsaq 41 lari (13 dollar), digər tərəvəzlər isə 30-50 tetri (9-15 sent) bahalaşıb.

Nəşrin sorğusunda iştirak edən Tbilisi sakini hesab edir ki, soğan da baha olması səbəbindən satışdan itə bilər: “Məsələn, plov üçün kişmiş tapa bilmədim, Pasxadan sonra onu sanki süpürüblər. Bundan sonra nə olacağını bilmirəm, çalışıram təlaşa düşməyim, baxmayaraq ki, onun üçün səbəb var”.