Koronavirusdan sağalan Niyazi Eminov evə buraxıldı - Foto

koronavirusdan-sagalan-niyazi-eminov-eve-buraxildi
Oxunma sayı: 2885

Mərkəzi Gömrük Hospitalına ağır vəziyyətdə daxil olan xəstə - “HB Güven” klinikasının həkimi, ümumi cərrah Dr.Niyazi Eminov COVID-19 xəstəliyindən müalicə olunaraq sağalıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Gömrük Komitəsindən bildirilib. 

Sentyabrın 29-da evə yazılan Mərkəzi Gömrük Hospitalının pasiyenti Niyazi Eminov bunları deyib: “Mənim ölümdən dönməyimdə əməyi keçən bütün həkim briqadasına - baş həkimin rəhbərliyi və nəzarəti altında çalışan həkimlərə və tibbi personalın hər bir üzvünə təşəkkür edirəm. Mən, həmçinin, ən müasir avadanlıqlarla təchiz edilən bu hospitalda dövrün ən təhlükəli, ölüm saçan xəstəliyi - COVID-19-la mübarizədə həkimlər üçün gözəl şərait yaratmış Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və hospitalın baş həkimi Elman Məmmədova dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Niyazi Eminov COVID-19 xəstəliyinə sentyabrın 10-da yoluxub, ilkin müalicəsini ev şəraitində alıb. Vəziyyəti ağırlaşdığından sentyabrın 16-da “Yeni klinika” tibb müəssisəsinə yerləşdirilib və müalicəsini orada davam etdirib.

Hospitalın reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, pasiyent Niyazi Eminov vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulub, ECMO aparatına qoşulma ehtiyacı olduğundan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Şöbəyə qəbul zamanı xəstənin vəziyyəti kritik olub: ağciyər zədələnməsi ən yüksək həddə olan xəstə 100% oksigenlə süni tənəffüs aparatında və 86% saturasiya ilə qəbul edilib.

Dərhal intensiv müalicəyə başlanılıb, şöbə həkimlərinin - reanimatoloqlar və hospitalın tibbi heyətinin səyi nəticəsində ECMO aparatına qoşulmadan xəstənin vəziyyətində müsbət dinamika əldə edilib. Sentyabrın 24-də isə artıq xəstə oyadılaraq süni tənəffüs aparatından ayrılıb. Hazırda Niyazi Eminov ev şəraitində müalicəsini davam etdirir və vəziyyəti stabildir.